8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub

Türkiyənin Afyonkarahisar bölgəsində 8 nəfəri qətlə yetirən Arif Sefa Özdemirin cinayətlərdə istifadə etdiyi ov tüfəngini 12 min lirəyə aldığı üzə çıxıb.

Sherg.az xəbər verir ki, 28 yaşlı Özdemir tüfəngi hadisədən təxminən bir ay əvvəl başqa cinayətə görə həbsdə olan M.A. adlı şəxsdən alıb. Silahın qeydiyyatsız olduğu müəyyən edilib.

Məlumata görə, noyabrın 5-də kombayn alqı-satqısı ilə bağlı mübahisə zəminində üç nəfəri öldürən şübhəli daha sonra qaçmaq üçün avtomobilləri ələ keçirmək istəyərkən daha beş nəfəri qətlə yetirib. Hadisə zamanı bir nəfər də ağır yaralanıb.

Cinayətlərdən sonra Eskişehirə qaçan Özdemir saxlanılaraq həbs edilib. O, ifadəsində qətlləri törətdiyini etiraf edib və hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu bildirib.

Şübhəlinin sözlərinə görə, o, qaçarkən bir neçə avtomobili zorla ələ keçirib, kəndlərdə özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək silah əldə etməyə də çalışıb.