Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə bilər”

Əfqanıstanda Taliban artıq yeni hökumət qurub. Hərəkat üzvləri kütləvi əfv elan edir,  yerli əhalini hər şeyin yaxşı olduğuna inandırırlar. Bundan sonra proseslərin necə inkişaf edəcəyi isə hələlik məlum deyil.

Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

“Qonşu ölkələr üçün yaxın gələcəkdə hansısa təhlükənin yaranacağını düşünmürəm. Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə bilər. Hələlik müsbət qərarlar verilir. Amma hakimiyyətdə möhkəmlənəndən sonra hərəkatın yenidən mühafizəkar mövqe sərgiləyəcəyi istisna deyil”.

Ə. Məmmədlinin fikrincə, rəsmi Bakı Talibanı tanımaqda tələsməməlidir:

“Dünya onları tanısa, Azərbaycan da tanıyacaq. Dünya tanımasa, Azərbaycan da tanımayacaq. Hər halda bu, nə Taliban, nə də Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Ən doğrusu, bu mövzuda Türkiyənin siyasi xətti ilə getməkdir”.