Türkiyədə 15 yaşı tamam olmayan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran yeni qaydalar noyabrın 1-dən qüvvəyə minir. Lakin mütəxəssislər hesab edirlər ki, uşaqların rəqəmsal təhlükələrdən qorunması üçün yaş məhdudiyyəti ilə yanaşı, valideyn nəzarəti və sağlam internet vərdişlərinin formalaşdırılması da vacibdir.
Sherg.az xəbər verir ki, psixiatr, həkim Leyla Çələbi sosial medianın uşaqların beyin inkişafına, diqqətinə, emosional vəziyyətinə və sosial münasibətlərinə təsirlərindən danışıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə bəyənmələr, mesajlar və fərdiləşdirilmiş məzmun tövsiyələri uşaqların platformalarda daha çox vaxt keçirməsinə səbəb ola bilər. Yeniyetmələr isə qərarvermə və özünənəzarət bacarıqları tam formalaşmadığı üçün bu təsirlərə daha həssasdırlar.
Mütəxəssis bildirib ki, sosial mediadan istifadənin riskləri yalnız ekran qarşısında keçirilən vaxtla ölçülməməlidir. Yuxu rejiminin pozulması, dərslərə marağın azalması, sosial münasibətlərdə problemlər və istifadəyə nəzarətin itirilməsi ciddi siqnallar hesab olunur.
Çələbi valideynlərə uşaqların internet istifadəsinə nəzarət etməyi, yaşa uyğun təhlükəsizlik parametrlərindən yararlanmağı, ekran vaxtını məhdudlaşdırmağı və ailədaxili ünsiyyəti gücləndirməyi tövsiyə edib.
O vurğulayıb ki, uşaqların rəqəmsal təhlükələrdən qorunması yalnız onların şəxsi məsuliyyətinə buraxılmamalı, bu sahədə sosial media platformalarının da üzərinə öhdəliklər qoyulmalıdır.