Qəzza planı ikinci mərhələdə: Ekspert mürəkkəb məsələlərə diqqət çəkdi

Tural İrfan: Sülh planının taleyi Tramp-Netanyahu görüşündən asılıdır

Bölgəyə yerləşdiriləcək beynəlxalq qüvvələrlə bağlı HƏMAS-ın sualları da hələlik açıq qalır

ABŞ Prezidenti Donald Tramp 25 dekabra qədər Qəzza sülh planının ikinci mərhələsinin başlandığını elan etməyi planlaşdırır. “Axios” portalının mənbələrinə istinadən verilən məlumata görə, Tramp Milad bayramından əvvəl sülh prosesinin ikinci mərhələsinə qədəm qoyduğunu elan etmək və anklavı idarə etmək üçün yeni bir struktur təqdim etmək niyyətindədir. Bununla bağlı dekabrın sonuna qədər İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşünün keçirilməsi gözlənilir.

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında İsrail və HƏMAS arasında münasibətlərin normallaşdırılması üçün mövcud sülh planı üzərində işlənməsinə ehtiyac olduğunu vurğulayıb:

"İsrail qoşunlarının Qəzza zolağından çıxarılması zəruridir, lakin bu məsələ bir qədər mürəkkəbdir. Çünki İsrail qoşunlarının çıxarılmaması üçün müxtəlif bəhanələri mövcuddur. Həmçinin bölgəyə yerləşdiriləcək beynəlxalq qüvvələrlə bağlı HƏMAS-ın sualları da hələlik açıq qalır. Anklavı idarə edəcək strukturların işə salınması və “Sülh Şurası”nın fəaliyyəti ilə bağlı razılaşdırılmalı məsələlər mövcuddur".

Politoloq bütün bu məsələlərin aqibətinin Trampın Netanyahu ilə görüşündən sonra məlum olacağını söyləyib: 

"Təbii ki, müddət qısadır və sülh planının ikinci mərhələsi, əslində, ən mürəkkəbidir. İlk mərhələni atəşkəs kimi qəbul etmək olarsa, ikinci mərhələ artıq həlledici və real sülhün başlanması deməkdir. Burada beynəlxalq qüvvələr elə ölkələrdən ibarət olmalıdır ki, real və davamlı sülhü qorumaq imkanına malik olsun. Həmçinin “Sülh Şurası”nın fəaliyyəti İsrailin təsiri altında qalmamalı və müstəqil şəkildə davam etməlidir".