Demək olar ki, Ukrayna Prezidenti Volodimir Zelenski hər dəfə amerikalı həmkarı Donald Trampla görüşəndə Rusiya lideri Vladimir Putin uzaqdan danışıqların gedişinə təsir göstərməyi bacarır. Oktyabrda da belə olmuşdu. O zaman Zelenski ümid edirdi ki, Tramp Ukraynaya “Tomahawk” raketlərinin satışına razılıq verəcək. Amma bundan bir gün əvvəl Putin Trampa zəng edərək onu bu addımı atmamaq barədə xəbərdar etdi, nəticədə Zelensk Kiyevə əliboş qayıtdı.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” yazıb.
Bazar günü Mar-a-Laqoda Zelenski ilə Trampın görüşündən əvvəl Putin tanış manevrə əl atdı: görüşdən bir neçə saat əvvəl özü ABŞ liderinə zəng etdi. Putinin məqsədi aydın idi, Zelenskinin Floridaya gəlişində əsas məqsəd olan atəşkəs razılaşmasına nail olmağın qarşısını almaq istəyirdi.
Zelenski ABŞ-yə güzəştlərə hazır vəziyyətdə gəlmişdi. İlk dəfə olaraq Donbasın Ukrayna ordusunun nəzarətində olan ərazilərindən güzəştə getməyə hazır olduğunu bildirdi, amma o şərtlə ki, Putin 60 günlük atəşkəslə razılaşsın, bu müddət ərzində Kiyev sülh sazişi ilə bağlı referendum keçirə bilsin.
Putin yenə vəziyyəti öz xeyrinə çevirməyi bacardı. Ukrayna Prezidentinin ağıllı görünməyə başlamaq təhlükəsini hiss edən Kreml sahibi Zelenski Mar-a-Laqoya çatmazdan əvvəl telefon danışığı keçirdi və görünür, bir daha Trampın baxışlarına təsir etməyə nail oldu.
Zəngdən sonra Kremlin yaydığı bəyanatda Trampın Zelenskinin kompromis təklifini rədd etdiyi iddia olundu. Putinin köməkçisi Yuri Uşakov dedi ki, Ukraynaya referendum keçirməyə imkan verən atəşkəs müharibəni uzada bilər.
Görünür Kremlin mövqeyi Trampın baxışlarını əks etdirir, ABŞ Prezidenti həqiqətən hesab edir ki, atəşkəs müharibəni uzadacaq.
Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında Tramp Putinin atəşkəs əleyhinə arqumentlərini dəstəklədiyini təsdiqlədi, görünür, o hesab edir ki, Rusiya onsuz da bütün Donbası ələ keçirməyə yaxındır.