Əksər Avropa ölkələri Rusiya ilə ehtimal olunan müharibəyə hazırlaşırlar -Politoloq

Rusiyanın dərinliklərinə zərbələr endirmək planı NATO daxilində də məhz bu kontekstdə müzakirə olunur

Rusiya ilə NATO arasında münasibətlərin gərgin olaraq qaldığı bir vaxtda alyansın hərbi strategiyasında mümkün dəyişikliklər diqqət mərkəzinə gəlib. NATO rəhbərliyi müdafiə planlarının yenilənməsi çərçivəsində yalnız alyans üzvü ölkələrin ərazilərinə mümkün hücumların qarşısının alınmasını deyil, həm də potensial təhlükə mənbələrinin daha uzaq məsafədən zərərsizləşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu yanaşma Rusiya ilə mümkün hərbi qarşıdurma zamanı zərbələrin yalnız cəbhə xətti və sərhəd bölgələri ilə məhdudlaşmayacağı ehtimalını gündəmə gətirir.

“The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, NATO çərçivəsində keçirilən müzakirələrdə Rusiyanın dərinliklərində yerləşən hərbi infrastrukturun, o cümlədən hərbi bazaların, silah-sursat və təchizat anbarlarının, eləcə də müdafiə sənayesi obyektlərinin hədəfə alınması məsələsi də diqqət mərkəzində olub. İyunda keçirilən xüsusi simpoziumda uzaq məsafəli zərbələr və düşmən ərazisinin dərinliyində yerləşən strateji hədəflərin məhv edilməsi imkanları müzakirə edilib. Məlumatda vurğulanır ki, yeni konsepsiya mümkün münaqişə zamanı yalnız sərhədi keçməyə hazırlaşan və ya artıq hücuma başlayan qüvvələrə qarşı tədbirlərin görülməsini nəzərdə tutmur. Eyni zamanda, qarşı tərəfin cəbhə xəttindən uzaqda yerləşən hərbi-logistik imkanlarının sıradan çıxarılması da mümkün fəaliyyət istiqamətlərindən biri kimi nəzərdən keçirilir. Bu yanaşma NATO-nun müdafiə strategiyasında hədəflərin seçilməsi və hərbi əməliyyatların coğrafi miqyası baxımından yeni müzakirələrə yol açır.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, NATO-nun Rusiyanın dərinliklərinə zərbələr endirmək planlarının, təbii ki, Ukrayna müharibəsinə aidiyyəti yoxdur: 

“Yəni bu, Ukrayna müharibəsindən kənar bir plandır. Avropada əksər NATO ölkələri hesab edirlər ki, əgər Rusiya Ukrayna müharibəsində qalib gələrsə, hansısa mərhələdə onu hərbi hədəfləri sırasına Avropa ölkələri də daxil ola bilər. Bu səbəblə də hazırda əksər Avropa ölkələri Rusiya ilə ehtimal olunan müharibəyə hazırlaşırlar. Təbii ki, Rusiyanın dərinliklərinə zərbələr endirmək planı NATO daxilində də məhz bu kontekstdə müzakirə olunur. Yəni nə vaxtsa Rusiya ilə NATO ölkələri arasında müharibə baş verərsə, həmin vaxt NATO Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə zərbələr endirmək planını həyata keçirməyi nəzərdə tutur və bu planın icra mexanizmlərini hazırlayır. Ancaq belə bir planın mövcudluğunun Ukrayna müharibəsinə hər hansı aidiyyəti yoxdur. Yəqin ki, bu, Ukrayna müharibəsinin inkişaf istiqamətlərinə də ciddi təsir göstərə bilməz”.

Analitik qeyd edib ki, NATO ölkələrinin, eləcə də xüsusilə alyansın üzvü olan Avropa dövlətlərinin hazırda əsas hədəfi Ukraynaya hərbi dəstək verməkdən ibarətdir:

“ Bu məqsəd həm də ona xidmət edir ki, Ukrayna Rusiyaya mümkün qədər daha çox müqavimət göstərsin, Kreml zəifləsin və uzun müddət Avropa ölkələrinə hücum etmək, zərbələr endirmək imkanlarına malik olmasın. Bütün bunlar onu göstərir ki, NATO-nun gələcəyə yönəlik hazırladığı planlar Ukrayna müharibəsinin genişlənməsinə və ya onun inkişaf istiqamətlərinə ciddi təsir edə bilməz”.