Qara dənizdə təxribatlar onun təhlükəli dəniz kimi imicini gücləndirir
Ekspert: “Türk Axın boru kəməri potensial əsas hədəfə çevrilə bilər”
Qara dənizdə nizamın pozulması yükdaşıma qiymətlərini daha da artıracaq
Qara dənizdə son dövrlərdə baş verən hadisələr regional enerji təhlükəsizliyi və dəniz ticarəti üçün əhəmiyyət daşıyır. Rusiya neft və qaz sektoru həm ölkə büdcəsi, həm də qlobal enerji bazarında strateji rol oynayır və sanksiyalara baxmayaraq satışlarını davam etdirir. Son hücumlar, xüsusilə neft tankerinə və potensial enerji obyektlərinə yönələnlər, Mavi Axın və Türk Axın boru kəmərlərinə risk yaradır.
Buna görə Türkiyə Rusiya və Ukraynanı enerji infrastrukturunu müharibəyə cəlb etməməyə çağırıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib ki, enerji axınlarının davamlılığını təmin etmək vacibdir.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a açıqlamasında qeyd edib ki, neft tankerlərinə edilən hücum Rusiyanın neft satışını azaltmağa yönəlmiş fəaliyyət kimi qiymətləndirilə bilər:

"Rusiya Federasiyasının büdcəsinin təxminən 30-40%-nin neft gəlirlərindən təmin olunduğuna dair məlumatlar var. Tətbiq edilən sanksiyalara baxmayaraq, Rusiya neft satışlarını “Gosfili”, yəni Türk dilində “Kölgə filolar” vasitəsilə həyata keçirir. Son dövrlərdə Qara dənizdə həyata keçirilən hücumlar, xüsusilə iki neft tankerinə edilən hücum, əslində Rusiyanın neft satışını azaltmağa yönəlmiş fəaliyyət kimi qiymətləndirilə bilər. Ukrayna Hərbi Kəşfiyyatı da görüntüləri paylaşaraq bu hücumların arxasında Rusiyanın olduğunu ortaya qoyub. Hərçənd hücumlar Türkiyənin ərazi sularında deyil, Münhasır İqtisadi Zonasında baş verib. Amma bu hücumlar həm Qara dənizdə ticari dəniz nəqliyyatını təhlükəyə atır, həm də yük daşıma qiymətlərinin artmasına səbəb olur. Birincisi, Qara dənizdə nizamın pozulmasına işarə edir. İkincisi, diqqət yetirilsə, hücumların digər bir hədəfi Novorossiysk limanındakı neft infrastrukturudur. Bu mövzuda Qazaxıstan Ukraynanı birbaşa xəbərdar edib, çünki Qazaxıstan neftinin bir hissəsi Novorossiysk limanından dünyaya ixrac olunur".
Ekspert hədəf ola biləcək digər obyektlərin Mavi Axın və ya Türk Axın qaz kəmərləri ola biləcəyini vurğulayıb:
"Xüsusilə Türk Axın boru kəmərinin potensial hədəf olduğunu düşünürəm. Çünki hazırda Rusiya qazını Avropaya daşıyan yeganə boru kəməri Türk Axın boru kəməridir və buraya ediləcək sabotaj ciddi nəticələrə səbəb ola bilər. Buna görə də, Türk Enerji Nazirliyinin etdiyi çağırış Türkiyənin enerji infrastrukturunun, Qara dənizdə qorunmasına yönəlıb. Daha geniş baxıldığında isə, Qara dənizdə enerji infrastrukturuna edilən hücumların davam etməsi, Qara dənizin dünyada təhlükəli bir dəniz olduğu imicini gücləndirir ki, bu da Türkiyənin arzulamayacağı bir nəticədir".