Tramp Ağ Ev administrasiyasının rəsmisinə prezidentliyə namizəd olmağı təklif edib

ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Millerə dövlət başçısı postuna namizədliyini irəli sürməyi təklif edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri Asiya turnesinin yekunlarına həsr olunmuş Ağ Evdəki mətbuat konfransında bildirib.

Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun iştirakı ilə Millerə zarafatla prezident seçkilərində iştirak etməyi təklif edib.

"Bizdə sensasiyalı xəbər var. O, bu iki nəfərdən daha yaxşı olduğunu sübut etdi! Prezidentliyə namizəd olmaq istəyirsən?" – deyə Tramp soruşub.

Miller gülümsəməklə kifayətlənib və təklifə münasibət bildirməyib. Tramp eyni zamanda müşavirini "dünyanın ən qüdrətli adamı" adlandırıb.

Mətbuat konfransında ABŞ Prezidenti maliyyə naziri Skott Bessentlə ticarət naziri Hovard Latnik arasında Çinə ixrac nəzarəti məsələsində yaranan fikir ayrılıqlarına da münasibət bildirib.

Tramp Latnikə etimadını qoruduğunu və onu vəzifəsindən azad etmək niyyətində olmadığını vurğulayıb.

"O, anadangəlmə biznesmendir. Onun təbii biznes duyumu var. Hesab edirəm ki, o, öz işini çox yaxşı yerinə yetirir", – deyə Ağ Ev rəhbəri qeyd edib.