"Həftəsonu istirahətindən sonra insan özünü bəzən iş günlərindəkindən daha yorğun hiss edə bilər. Bunun isə ilk baxışda nəzərə çarpmayan iki səbəbi var".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı nevroloq Olqa Butenko Lenta.ru-ya müsahibəsində deyib.
Həkim birinci səbəb kimi istirahət günlərində yuxu rejiminin pozulmasını göstərib:
"Həftəiçi səhər saat 6-7-də oyanan şəxs həftəsonu gecə yarısından xeyli sonra yatıb günortaya qədər yuxudan oyanmırsa, bioloji saat bu dəyişikliyə uyğunlaşmağa macal tapmır. Nəticədə bazar günü axşamı adi vaxtda yuxuya getmək çətinləşir. Bazar ertəsi isə yenidən erkən oyanmaq lazım gəldiyindən iş həftəsi yuxusuzluqla başlayır".
Mütəxəssis həftənin əvvəlində özünü enerjisiz hiss etməyin ikinci səbəbi kimi yığılıb qalmış yorğunluğu göstərib.
Onun sözlərinə görə, insan bütün həftə ərzində az yatıb çox işləyibsə, iki günlük istirahət orqanizmin tam bərpası üçün kifayət etməyə bilər:
"Əlavə yuxu ümumi vəziyyəti yaxşılaşdırsa da, davamlı yuxusuzluğun təsirini tam aradan qaldıra bilmir".