ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində iyulun 8-də Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp Zelenski ilə Ukraynadakı müharibənin dayandırılması imkanlarını müzakirə edəcək. ABŞ rəsmisi bildirib ki, Amerika lideri münaqişəyə son qoyulması istiqamətində səylərin təcili xarakter daşıdığını hesab edir.
"Yüksəkvəzifəli ABŞ rəsmisi bildirib ki, Trampın Zelenski ilə söhbətindən sonra Putinlə də müzakirələri davam etdirməsi ehtimalı böyükdür", - məlumatda qeyd olunub.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Putin Trampla telefon danışığı zamanı Moskvanın Ukrayna münaqişəsinin Rusiya tərəfinin yanaşmaları əsasında diplomatik yolla nizamlanmasına hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, liderlər NATO-nun 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək sammiti fonunda Ukrayna məsələsini də müzakirə ediblər.
Ağ Ev və ABŞ Dövlət Departamenti isə hələlik məsələ ilə bağlı TASS-ın sorğusunu cavablandırmayıb.