Uitkoff və Kuşner Moskvaya səfərlərini hələlik təxirə salıblar - KİV

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Rusiyaya planlaşdırılan səfərlərini təxirə salıblar.

Sherg.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, səfərin təxirə salınması Ukrayna ilə münasibətlərdə yaranmış böhran və Kiyevin, eləcə də Avropa ölkələrinin Rusiya üçün irəli sürülən yeni sülh təklifini dəstəkləməyə hazır olub-olmadığının aydınlaşdırılması zərurəti ilə bağlıdır.

"Axios" daha əvvəl Uitkoff və Kuşnerin bu həftə Moskva və Kiyevə səfər edə biləcəklərini bildirmişdi.

Nəşr yazır: “Ukrayna ilə münasibətlərdəki böhran fonunda ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya planlaşdırılan səfərlərini ən azı Ukraynanın və Avropa ölkələrinin Putin üçün vahid yeni təklifi razılaşdırmağa hazır olub-olmadığı aydınlaşanadək təxirə salıblar”.

Ötən həftə Mayamidə Ukrayna nümayəndə heyəti ilə ABŞ təmsilçiləri arasında danışıqlar keçirilib. KİV-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşma əldə edildiyini elan etməsindən sonra görüş vaxtından əvvəl başa çatıb. Danışıqlar zamanı Ukrayna münaqişəsinin başa çatdırılması ilə bağlı yeni və hərtərəfli təklifin müzakirəsi planlaşdırılırdı.

Tramp jurnalistlərə açıqlamasında Vladimir Zelenskinin Ukrayna münaqişəsini dəfələrlə nizamlamaq imkanı olduğunu, lakin bundan istifadə etmədiyini də bildirib. Onun sözlərinə görə, Ukraynaya yeni lider lazımdır.