Zelenski daha çox Rusiyaya problem yaratmağa çalışır
Ukrayna lideri nə qədər tez öz zəifliyini və potensial məğlubiyyət riskini qəbul etsə, bir o qədər yaxşı olar
Rusiya-Ukrayna müharibəsi regionda güc balansını kəskin şəkildə dəyişdirib. Həm cəbhədə, həm də diplomatik müstəvidə ciddi gərginlik davam edir. ABŞ-nin Kiyevə dəstəyində zəifləmə, Avropa ölkələrinin, xüsusilə Böyük Britaniyanın Zelenski administrasiyasını siyasi baxımdan möhkəmləndirmə cəhdləri fonunda Ukraynanın daxili strategiyasındakı problemlər daha çox nəzərə çarpır. Eyni zamanda Rusiyanın hərbi və siyasi təzyiqləri, onun cəbhədə irəliləmək və danışıqlarda üstünlük qazanmaq məqsədi ilə apardığı fəaliyyət münaqişənin dinamikasını müəyyən edən əsas faktorlardandır. Moskvanın uzunmüddətli strategiyası, resurs imkanları və Qərblə münasibətlərindəki gərginlik müharibənin gedişinə və regional təhlükəsizliyə birbaşa təsir göstərir.
Politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında Ukraynanın ön cəbhədəki vəziyyətinin xeyli problemli olduğunu söyləyib:

"Amerika Birləşmiş Ştatları artıq Ukraynaya əvvəlki qədər yardım etmək niyyətində deyil. Digər tərəfdən isə Avropa ölkələri, xüsusilə də Böyük Britaniya, Zelenskini hakimiyyətdə saxlamaq və ona dəstək vermək üçün ciddi səylər göstərir. Lakin ön cəbhədəki reallığa baxanda görürük ki, Zelenskinin siyasi xətti o qədər də uğurlu deyil. Çünki cəbhədə olan birliklər bəzi hallarda mövqelərini qoyub geri çəkilirlər və vahid komandanlıqdan təsirli dəstək gözləsələr də, bu köməklik çox vaxt gəlmir. Hesab edirəm ki, Ukraynanın mövcud vəziyyəti qənaətbəxş deyil. Əgər Vladimir Zelenski bu cür dirəniş göstərməyə davam etsə, daha çox mövqeləri itirəcək. Onsuz da onun sülh istiqamətindəki qeyri-müəyyən mövqeyi göstərir ki, bu məsələdə onu bağlayan və ya məcbur edən amillər azdır. O, daha çox Rusiyaya problem yaratmağa çalışır. Ukrayna Rusiya üçün problem yaratdığı halda isə öz problemlərinin necə həll olunduğu sual altındadır".
Politoloq Ukraynanın çox rasional şəkildə davranmalı, bütün kənar təsir və müdaxilələri minimuma endirməli, suveren qərar vermək iqtidarında olduğunu ortaya qoymalı olduğunu söyləyib:
"Hələlik bu xüsusiyyəti Ukraynada görmürük. Son günlərdə isə bəzi siyasi fiqurlar müəyyən dairələrlə yaxınlıq yaratmağa çalışırlar. Bu siyasətdə geniş tətbiq olunan bir addımdır və bəzən nəticə də verir. Lakin ön cəbhədə real imkanların məhdud olduğunu görərkən anlamaq olur ki, Ukrayna açıq şəkildə qurban vəziyyətindədir. Təəssüf ki, Ukrayna xalqı bu proseslərdə böyük itkilərə məruz qaldı və bu itkilər onlara heç nə qaytarmadı. Zelenski və onun komandası daha ciddi şəkildə düşünməli və özləri üçün aydın bir fəaliyyət alqoritmi müəyyənləşdirməlidirlər. Çünki belə bir alqoritm olmadan uğur qazanmaq mümkün deyil. Siyasətdə və geosiyasətdə ən böyük üstünlüyə malik olanlar vəziyyəti düzgün təhlil edənlərdir. Təhlil qabiliyyəti Ukrayna mütəxəssislərində də var, yaxın ölkələrdə də".
Ekspert Qərb və ABŞ arasında yaranmış ziddiyyətlərin Ukraynadakı vəziyyətə təsirsiz ötüşməyəcəyini vurğulayıb:
"Dəyişikliklər qaçılmazdır. Məsələ ondadır ki, Ukrayna indiki mövqeyini nə qədər qoruya biləcək. Bu məsələnin taleyi isə böyük ölçüdə Zelenskidən asılıdır. Onun artıq strategiya və resursları tükənir. Ukrayna lideri nə qədər tez öz zəifliyini və potensial məğlubiyyət riskini qəbul etsə, bir o qədər yaxşı olar. Çünki Ukrayna xalqını sonradan tamamilə ümidsiz və müdafiəsiz qoymaq olmaz. Ukrayna xalqı buna layiq deyil. Arzu edərdim ki, ABŞ və Rusiya bu istiqamətdə ortaq məxrəcə gəlsinlər. Hazırda Trampın siyasəti Avropaya təzyiq yaradır, amma körpüləri yandırmağa dəyməz. Əgər bu körpülər işləsə, heç olmasa Ukrayna xalqı onların müsbət nəticələrindən müəyyən dərəcədə faydalana bilər".