Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Mixail Fyodorov bildirib ki, Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirmək imkanına malik yerli istehsal ballistik raketlə təmin olunacaq.
Sherg.az xəbər verir ki, bu barədə o, yerli TSN telekanalına müsahibəsində danışıb.
Fyodorovun sözlərinə görə, Ukraynanın hazırladığı ballistik raket müharibənin gedişinə ciddi təsir göstərə bilər.
“Ukrayna ballistikası bu müharibədə çox şeyi dəyişəcək. Bu, ölkəmizin dünyadakı statusuna prinsipial şəkildə təsir göstərəcək. Biz bunu dəfələrlə etmişik, lakin bu artıq tamamilə başqa səviyyədir”, - deyə nazir vurğulayıb.
Bununla belə, o, layihə ilə bağlı detalları açıqlamaqdan imtina edib. Nazir bunu ictimaiyyətdə həddindən artıq gözləntilərin yaranmaması istəyi ilə izah edib.
Fyodorov yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin daha əvvəl səsləndirdiyi fikri xatırladaraq bildirib ki, “Ukraynanın öz ballistik raketi olacaq və o, Rusiyaya qarşı istifadə ediləcək”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov adi ballistik raketin hazırlanmasının mürəkkəb olmadığını bildirsə də, müasir texnologiyalara malik raketlərin yaradılmasının hətta Qərb ölkələri üçün bir neçə il tələb etdiyini vurğulamışdı. O, Ukraynanın belə silahı müstəqil şəkildə istehsal etmək imkanlarının məhdud olduğunu da iddia etmişdi.