ABŞ ilə İran arasındakı münaqişə yaxın iki ay ərzində tamamilə fərqli mərhələyə keçə bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens “New York Post” qəzetinə müsahibəsində deyib.
“Gələcəyi proqnozlaşdıra bilmərik, amma düşünürəm ki, Prezident Donald Tramp bu münaqişənin bir neçə ay ərzində tamamilə başqa mərhələyə keçəcəyini deyərkən haqlıdır”, – Vens bildirib.
Onun sözlərinə görə, ABŞ artıq münaqişənin birinci mərhələsini həyata keçirib. Vens bu mərhələnin İranın nüvə proqramının və silahlı qüvvələrinin “məhv edilməsindən” ibarət olduğunu iddia edib.
Qeyd edək ki, Tramp ötən həftə ABŞ-İran münaqişəsinin noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirmiş, eyni zamanda razılaşmanın seçkilərdən əvvəl əldə edilə biləcəyini də istisna etməmişdi.