Yunanıstanın müdafiə naziri Nikos Dendias, 2026-cı Maliyyə İli Dövlət Büdcəsi müzakirələri zamanı parlamentdə çıxış edərək, Türkiyəni ölkəsinə qarşı “birinci və əsas təhdid” kimi qiymətləndirib.
Sherg.az xəbər verir ki, Dendias, Ankara və Afinanın müdafiə xərclərini müqayisə edərək, Yunanıstanın 6–7 milyard avroluq büdcə ilə Türkiyənin 28,7 milyard avroluq müdafiə xərclərinə cavab verməyə çalışdığını bildirib və bu fərqi “saylarla açıq şəkildə göstərdiyini” vurğulayıb.
Nazir, yeni müdafiə strategiyası olan “2030 Gündəliyi” çərçivəsində müdafiə doktrinası, qüvvə strukturu və yerli müdafiə sənayesinin prioritet olduğunu qeyd edib. Dendias müdafiə xərclərini “azadlığın qiyməti” adlandırıb və bu xərclərin Türkiyədən gələn təhdid səbəbi ilə ödəndiyini diqqətə çatdırıb.
Dendias, Yunanıstanın strategiyasına uyğun olaraq Ege adalarında yüzlərlə hərəkətli raket sistemi yerləşdiriləcəyini açıqlayıb. “Ege dənizini yalnız donanmamızla qorumaq kifayət deyil. Quru əsaslı sistemlərlə də dənizi effektiv şəkildə nəzarətdə saxlayacağıq” – deyə nazir əlavə edib.
O həmçinin Yunanıstanın 1952-ci ildən NATO üzvü olduğunu xatırladaraq, “NATO üzvü olan bir ölkə üçün ən böyük təhdidin, yenə NATO üzvü olan Türkiyədən gəlməsi strateji vəziyyətimizin ciddiliyini göstərir” deyib.