Zöder: Merts aşağı reytinqlərə baxmayaraq Almaniya kansleri olaraq qalacaq

Bavariyanın Baş naziri və Xristian-Sosial İttifaqının (CSU) lideri Markus Zöder Almaniya kansleri Fridrix Mertsin aşağı reytinqlərə baxmayaraq vəzifəsini qoruyacağını bildirib.

Sherg.az xəbər verir ki, ARD telekanalına müsahibəsində Zöder Mertsi "çox sabit və güclü" siyasətçi adlandıraraq onun hökumətə rəhbərlik etməyə davam edəcəyinə əmin olduğunu deyib.

Zöder həmçinin Almaniya üçün Alternativ (AfD) Partiyasının artan populyarlığını miqrasiya siyasəti ilə əlaqələndirib. Onun sözlərinə görə, ölkədə qalmaq hüququ olmayan şəxslərin deportasiyası daha qətiyyətlə həyata keçirilməlidir.

Qeyd edək ki, "Bloomberg"in istinad etdiyi son sorğulara əsasən, Fridrix Mertsin fəaliyyətini respondentlərin cəmi 16 faizi bəyənir. Bu göstərici Almaniyanın müasir tarixində kanslerlər arasında ən aşağı reytinqlərdən biri hesab olunur.