Azərbaycan poeziyasının “bir cüt ulduz kimi parlayan” qaynar gözlü, “Ağ saçlı qartalı”, bütün dövrlərin böyük şairi, Azərbaycanımızın ilk Xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan Azərbaycanlılar arasında yenicə dil açan körpələrdən savayı əzbər bilməyən varmı görəsən?!
Vətənimiz Azərbaycan haqqında bir segi simfoniyası kimi səslənən bu ecazkarəsər kimlərin könlünü riqqətə gətiməyib?! Uşaqdan böyüyədək, şagirddən müəllimədək, sadə əməkçi insandan ziyalıyadək, fəhlədən alimədək, kim bu kəlimələrin qarşısında baş əyməyib?!
Müqəddəs kitablarda yazılan dualar kimi, min dəfə səslənsə də, təkrar oxunsa da, təzəliyini, təravətini, mənasını və qüdrətini itirməyən, oxuduqca, söyləndikcə şirinləşən,yeni-yeni mənalar kəsb edən, çox sadə və çox böyük məna tutumlu, insanı dərin fəlsəfi düşüncələrə aparan bu sözlərin arxasında nə sirr durur?
Bəlkə bu sözlər elə Tanrının Səməd Vurğun vasitəsilə vətənimiz Azərbaycana, onun xalqına, vətəndaşlarına ünvanlanan məhəbbətinin bir təzahürü, ifadə formasıdır?! Bilmirəm!
Onu bilirəm ki, bu kəlmələr arxasında gizlənən sirlərin açılmasına ehtiyac vardır və zaman-zaman ədəbiyyatşünaslar, filosoflar, dilçilər, filoloqlar, tənqidçilər bu əsərə müraciət etmişlər və hələ indən sonra da edəcəklər.
Gənc şairin 1935-ci ildə, 29 yaşında olarkən Tanrının diktəsi ilə qələmə aldığı bu əsər, əslində müdriklik yaşına çatmış, dünya görmüş bir şairin yaradıcılıq hesabatının məhsulu ola bilərdi. Maraqlıdır, görəsən, bu əsəri o, harada, hansı ovqatda yazıb və bu əsəri yaratmasına nə qədər zaman sərf edib?
Bu suala cavab tapmaq üçün tarixə, şerin yarandığı zamanın, həmin dövrdə cərəyan edən hadisələrə səyahət etmək zərurəti yaranır. Elə buradaca qeyd etməyi zəruri hesab edirəm ki, məşhur vurğunşünas alim, uzun illər Səməd Vurğunun yaradıcılığının tədqiqi ilə məşğul olan, öz əsərlərində və məqalələrində böyük şairin həyatı və yaradıçılığı haqqında dəqiq və zəngin məlumatlar verən fəlsəfə doktoru Aslan Salmansoy“Səməd Vurğunun “Azərbaycan epopeyası, yaxud “Qırmızı üzlü albomun tarixcəsi”...(Azərbaycan jurnalı.-2012.-№ 3. S.167-175) məqaləsində bu suallara ətraflı aydınlıq gətirir. Aslan Salmansoyun çox qiymətli məlumatları özündə əks etdirən həmin məqaləsindən aydın olur ki, Səməd Vurğun bu şeiri 1935-ci ildə yazıb. Şeirin ilk adı “Şairin türküsü” olub, İlk variantında şeir 10 bənddən ibarət olub və 1935-ci ildə “Kirovabad bolşeviki” qəzetinin 7 iyun tarixli 129-cu sayında dərc edilib. Şair şeirə 1936-cı il nəşrlərindən başlayaraq “Azərbaycan” adını vermiş, ona yeni bəndlər əlavə etmiş, “Poemanın proloqu” (“Ədəbiyyat qəzeti”, 7 noyabr, 1936, №27), “Poemanın proloqundan bir parça” (“Kirovabad bolşeviki” qəzeti, 18 noyabr, 1936, № 268) qeydləri ilə dərc etdirmişdir.
Məqalədən o da məlum olur ki, Səməd Vurğun 1935-ci ildə xalqımızın 2000 illik tarixinin əsas mərhələlərini özündə əks etdirən bir epopeya (dastan) yazmaq fikrində olmuş və 1935-ci ildə yazdığı 16 poemadan -7 irihəcmli şeir və 9 poemadan ibarət (“Şairin türküsü”, “Torpağın tələbi”, “Sərgüzəşt”, “Zərdüştün xülyaları”, “Ölən məhəbbət”, “Bulaq əfsanəsi”, “Qılınc və Quran”, “ Dar ağacı”, “Füzulinin dərdi”, “Qız qayası”, “Şairin ölümü”, “Aslan və Mahniyar”, “Acı xatirələr”, “Ölməz qəhrəmanlar”, “Üsyan və quran” və “Ordenli qəhrəman)epopeyanın adını “Azərbaycan” epopeyası qoymuşdir. A. Salmansoy Səməd Vurğunun çıxışlarından birindən nümunə gətirərək, əsər üzərində işləməsinin tarixini dəqiqliyi ilə göstərir: “Hal-hazırda Azərbaycan Sosialist Şuralar Cümhuriyyətinin Lenin ordeni almasına ithaf edilmiş “Azərbaycan” poemasının üzərində işləməkdəyəm”. 1937-ci ildəki çıxışlarından birində isə şair deyir: “Son zamanlar mən “Azərbaycan” adlı böyük bir epopeya yazmışam. Burada mənim vətənimin 2000 illik tarixinin əsas mərhələləri və ona azadlıq gətirən Sovet illəri öz əksini tapmışdır. Bu epopeya bir-biri ilə bağlı olan otuz(əslində isə 16 poemadan. R.G.) poemadan ibarətdir. Epopeya Azərbaycan xalqının azadlıq mübarizəsinə, böyük partiyamızın göstərdiyi tarixi xidmətlərə həsr edilmiş “Ordenli qəhrəman” poeması ilə bitir”.A. Salmansoyun məqaləsindən o, da məlum olur ki, Səməd Vurğun öz vədini yerinə yetirə bilməmiş və “Azərbaycan” epopeyası ayrıca kitab şəklində nəşr olunmamışdır. Aslan Salmansoy yazır: “ Güman edirik ki, şairin verdiyi vədi yerinə yetirə bilməməsinin səbəbi ona qarşı təqib və təzyiqlərin artması ilə bağlı olmuşdur. Belə ki, S.Vurğun xalq düşməni elan edilən şairləri (xüsusilə H.Cavid və M.Müşfiqi) “qanadının altına almaqda” günahlandırılmış, eləcə də millətçi kimi təqsirləndirilərək 1937-ci ildə Yİ-nin katibi vəzifəsindən azad edilmişdir.
S.Vurğunun millətçilikdə ittiham edilməsinin əsas səbəbi milli ruhda, Azərbaycançılıq mövzusunda yazdığı əsərlər, xüsusilə “Azərbaycan” şeiri olmuşdur. 1937-ci ilin payızında o vaxtkı NKVD-yə dindirmələrə çağırılan və növbəti dindirmələrin birindən “səhər çayı vaxtı” qayıdan Vurğun, qardaşı Mehdixana demişdi: “... “onlar” mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir... Mən bütün insanlara, bütün xalqlara və millətlərə səadət arzulayıram və bu yolda çalışıram.
Lakin bununla bərabər məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o, mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar!”
Və ən maraqlısı da odur ki, “Azərbaycan”epopeyasının proloqu sonradan “Azərbaycan” adlanan “Şairin türküsü”dür. Və həmin əsərin indi “əlimizdə olan variantı 23 bənddən və 115 misra”dan (ifadə A. Salmansoya məxsusdur) ibarət olan “Azərbaycan” şeiridır.“
Əsərin daha mühüm əhəmiyyət kəsb edən məziyyətlərindən biri, böyük şairin burada demək istədikləri, lakin açıq mətnlə deyə bilmədiklərini sətiraltı mənalarda işlətməsi ilə bağlıdır. Bu kontekstdə yenə də hörmətli vurğunşünasımız Aslan Salmansoya istinad etməli oluram. Hər kəsə məlumdur ki, şeirin birinci bəndi aşağıdakı kimi ifadə olunur
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan,
Sakit axan Arazları,
Sınamışam dostu, yarı.
Qeyd edildiyi kimi, İlk variantında “Şairin türküsü” adlanan şeirin birinci bəndi ilə bağlı A. Salmansoy yazır:“Şeirin 1-ci bəndinin 3-cü misrası avtoqrafında: “Terekləri, Arazları”dır. Çap zamanı “Terekləri” sözü mətndən çıxarılmış, misra “Sakit axan Arazları” şəklinə salınmışdır.
Əvvəla, belə bir təbii sual yaranır: şeirdə Azərbaycanın poetik xəritəsini cızan şair bu xəritəyə niyə Terek çayını da daxil edir. S.Vurğun Terek çayının yerinə Azərbaycandakı başqa bir çayın adını çəkə bilməzdimi? “Söz S.Vurğunun əlində mum kimi idi” və şübhəsiz qafiyə və ahəngə xələl gətirmədən o, bunu çox asanlıqla edərdi. Deməli, “Terek” adını şair mətnə məqsədli daxil edib. “Niyə”sini anlamaq üçün əsərə bir də nəzər salaq. “Terekləri” sözü mətndən çıxarıldıqdan sonra:
“Eşitmişəm uzaqlardan,
Sakit axan Arazları”
-misraları uzaq məsafədən Arazı eşitmək, ona qulaq asmaq mənasında başa düşülür. Əgər şair bu fikri çatdırmaq istəsəydi, “eşitmişəm” yerinə, elə “dinləmişəm” sözünü yazardı. Buradakı “uzaqlardan” sözü məsafə yox, zamana, daha dəqiq desək keçmişlərə, uzaq keçmişlərə işarədir. Uzaq keçmişlərə xəyalən səyahət etdikdə isə yada Azərbaycanın ərazisindən Terekin də keçdiyi qədim torpaqları, sərhədləri, Dəmir qapı Dərbənd, eləcə də Şimali Qafqazın və Azərbaycanın ruslar tərəfindən işğalı düşür. Beləliklə, Terek və Araz çaylarının şair tərəfindən yanaşı işlədilməsinin, eləcə də “Terek” sözünün çap zamanı ixtisar edilməsinin səbəbi üzə çıxır. Hər halda mətni biz belə başa düşürük və əgər belə olmasaydı, “Terek” sözü çap zamanı ixtisar edilməzdi...
Belə sətiraltı ifadələr şeirdə kifayət qəqərdir və onlrın mənasının böyk əksəriyyəti hələ də tam açılmayıb.
Fikrimcə, Səməd Vurğun şair olaraq, təkcə “Azərbaycan” şeirini yazmış olsaydı, o, bütün məna və poetik ifadələri iləbir bu əsəri ilə ümumxalq məhəbbəti, ümumxalq sevgisi qazana bilərdi…
O, da məlumdur ki,müəllifin özü də sonralar “Azərbaycan”əsərinəheyranlığını gizlətməyib, özü yaradıcılığında dəfələrlə ona müraciət edib. Dediklərimə bir misal gətirmək istəyirəm.
Səməd Vurğun Böyük Vətən Müharibəsinə silsilə şeirlər həsr etmişdir. Onların hamısı dəyərli əsərlərdir. Lakin bunların sırasında ən kövrək şeirlərdən biri “Mənə belə söyləyirlər” şeiridir. Şeirin mənasını oxucuya daha aydın çatdırmaq üçün daha çox sitat gətirirəm. “Görüb tanış olmadığım, qayğısına qalmadığım şeir dostu bir insandan bir xatirə söylədilər; Bizim elli bir qəhrəman, bir yaralı qızıl əsgər, son nəfəsdə səni andı, dəniz kimi dalğalandı:
Dedi: “Doktor, aman doktor,
Sağlığıma güman yoxdur.
Bıçağını saxla bir dəm,
Bilirəm ki, öləcəyəm.
Qoy Vurğunun sözlərindən,
Bir bənd deyim, son dəfə mən.
“El bilir ki, sən mənimsən,
Yurdum-yuvam, məskənimsən.
Anam,doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan.”
Deyib bu son sözlərini,
Yumdu qara gözlərini.
Qeyd etməyi zəruru hesab edirəm ki, Səməd Vurğun yaradıçılığını əhatəli tədqiq edən M.Hüseyn, B.Vahabzadə, X. R.Ulutürk, Y.Axundlu, A.Zeynallı, İ.Mustafayev, Y.Qarayev, Q.Quliyev, Q.Bayranmov, C.Abdullayev və digər ədəbiyyatşünasların, tənqidçilərin və tədqiqatçıların böyük əksəriyyəti öz əsərlərində, məqalələrində və tədqiqatlarında şairin “Azərbaycan” şeirindən, onun bədii dəyəri, sadə dili, fəlsəfi dərinliyindən söhbət açmış və yüksək qiymət vermişlər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1997-ci ilin martında (Azərbaycanın o vaxtkı Prezidenti, Ulu öndər Heydər Əliyev şairin 90 illik yubileyinin bütün il boyu keçirilməsi barədə tapşırıq verib. Yubiley tədbirinin yekunu 1997-ci ilin martında keçirilib, həmin tədbirdə Ulu öndər şairin yaradıcılığı haqqında geniş çıxış edib), Xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illik yubiley gecəsindəki nitqində deyirdi: ”Səməd Vurğun şeirininböyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri, hər bir Azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara vətəni,milləti,torpağı sevməyi öyrədir”. Ulu Öndər öz çıxışında şairin “Azərbaycan“ şeiri üzərində xüsusi dayanır və deyirdi:” Səməd Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən, öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir. Ulu Öndərin elə bu dedilklərnin nəticəsidir ki, O, Azərbaycanımıza olan sonsuz məhəbbətini Səməd Vurğunun “Azərbaycan” şeiri ilə ifadə edir və bu əzəmət və qüdrət sahibi şeirdəki bəndləri dedikcə kövrəldiyini gizlədə bilmir.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!”
Əslində Uli Öndər Heydər Əliyevin Səməd Vurğun və onun “Azərbaycan” şeiri haqqında söylədiyi qısa, lakonik və dərin mənalı fikirlər böyük şair və onun “Azərbaycan” şeirinin dəyərini tam ifadə etmiş olardı. Bununla belə şairin buqeyri-adi əsərinin möhtəşəmliyini tam ifadə etmək üçündigər müəlliflərin də fikirlərini bu yazıya daxil etmək istədim.
Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığı və milli azadlıq ideyaları ilə Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində ölməzlik qazanmış şəxsiyyətdir. Ona ölməzlik qazandıran göstəricilərindən biri də özünün elmi fəaliyyətini - həm namizədlik, həm də doktorluq dissertasiyasını, məhz ölməz Səməd Vurğun yaradıcılığına həsr etməsidir. Bəxtiyar Vahabzadə yazır: "Səməd Vurğun yaradıcılığı küll halında dünya görmüş, sinəsi xəzinə ağsaçlı müdrik bir qocaya bənzəyir. Bu qocanın sinəsində xalqın nağıl və dastanları, atalar sözləri, məsəlləri, muğamı, aşıq mahnıları, üzərində iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxışlanmışdır. Bu qoca, ağsaçlı Azərbaycan xalqının simvoludur, bəlkə də şairin qəhrəmanlarından Azər babanın özüdür. Azərbaycan xalqının"Avesta" dövründən bu günə qədərki tarixi-Nİzami qüruru, Füzuli kədəri, Xaqani mübarizliyi, Nəsimi hikməti, Vaqif səmimiyyəti, Koroğlu qəhrəmanlığı, Sabir gülüşü bu böyük yaradıcılıqda öz əksini tapmışdır. Bu böyük yaradıcılığın epiqrafı şairin "Azərbaycan" şeiridir”.
Görkəmli tənqidçi, ədəbiyyatşünas, publisist, dramaturq, xalq yazıçısı Mehdi Hüseyn şairin “Azərbaycan” şeirini sanki “xalqın özü tərəfindən qoşulmuş bayatılar” adlandırır: “Vətənin tərənnümündən söhbət gedəndə, dillər əzbəri olan “Azərbaycan” şeiri yada düşür. Bu , Azərbaycan haqqında ən gözəl bir mahnıdır. Səməd vurğunun bədii yaradıcılığı haqqında danışan zaman, insan bu şeiri epiqraf gətirmək istəyir. Bu da son dərəcə qanunidir. Belə şeirlər milyonların ürəyindən xəbər verdiyi üçün də insanın ürəyinə əbədi həkk olunur. Nə qədər böyük bir səmimiyyət, necə də mənalı bir sadəlik. Elə bil bu , şair tərəfindən yaradılmış, yazılmış bir əsər deyil, xalqın özü tərəfindən qoşulmuş bayatılardır:
Hey baxıram bu düzlərə
Ala gözlü gündüzlərə,
Qara xallı ağ üzlərə,
Könül istər şeir yaza,
Gəncləşirəm yaza-yaza...
Səməd Vurğunun Azərbaycan sevgisini yüksək dəyərləndirən, onun bu qeyri-adi sevgisinin Azərbaycandan uzaqılarda şahidi olan, bu sevgini heyranlıqla müşahidə edən, 1950-ci illərdə SSRİ qaz sənayesi nazirivəzifəsində işləmiş, Səməd Vurğunla yaxın dost olan Sabit Orucov öz xatirələrində yazırdı: “Mən indiyədəkSəməd Vurğun qədər Azərbaycanı böyük hərarətlə sevən ikinci bir şairə rast gəlməmişəm. O moskvalı dostlarına Bakıdan, Azərbaycandan sonsuz məhəbbətlə danışardı. Elimizin adət və ənənələrindən, poeziyamızdan, mərd və mübariz oğullarımızın qəhrəmanlığından elə ürək dolusu söhbət açırdı ki, hamı heyran qalıırdı.”
Səməd Vurğunu hələ gənc yaşalrından tanıyan. Ailəliklə dost olan, şairin yaradıcılığına hər zaman yüksək dəyyər verən, onun yaradıcılığı haqda fikirlərini ötən il işıq üzü görən 2=3+4 yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi”kitabında qələmə alan xalq yazıçısı yazır: ”Səməd Vurğun xalqımızın qəlbində, ruhunda, mənəviyyatında müstəsna yer tutan şairdir. Bakıdan Makuyacan, Dərbənddən Mərəndəcən, Qarabağdan Qaradağacan, Naxçıvandan Zəncanacan, Qəzvindən Qazağacan bu torpağın hər qarışında Vurğunun adı ən əziz, ən doğma ad kimi iftixarla səslənir.
Xəritələr müxtəlif olur-siyasi xəritələr, fiziki xəritələr, tarixi xəritələr. Səməd Vurğun yaradıcılığının ən parlaq səhfələri, başda məşhur “Azərbaycan” şeiri olmaqla yurdumuzun poetik xəritəsidir”.
Ədalət naminə qeyd etməliyik ki, Səməd Vurğuna qədər bəzi şairlər, o çümlədən dövrünün adlı-sanlı şairi olan Hacıkərim Sanılı da Azərbaycanımıza şeir həsr etmiş və şeir ”Azərbyacan, Azərbaycan”adlanır. Hətta internet mənbələrdə professor Əli Saləddinin səhvi ucbatından həmin şeir Əhməd Cavadın seçilmiş əsərlərinə daxil edilmiş və orta məktəb dərsliklərində müəllif olaraq Əhməd Cavad göstərilmişdir. Forma, quruluş, təsvir etibarı ilə bu şeirlər arasında oxşarlıq olsa da, “Mən nə Sanılıyam, nə də Cavadam” deyən Səməd Vurğunun ”Azərbaycan” şeiri, həm məzmun, həm məna , həm həcm, həm də fəlsəfi yük və poetik ifadə cəhətdən həmin şeirdən tamamilə fərqlənir. Fikrimi tamamlayaraq vurğulamaq istəyirəm ki, Səməd Vurğun vətənimiz Azərbaycanı tərənnüm edən bu şeiri yazmaqla poeziyamıza “Azərbaycan” mövzusu gətirdi və ondan sonra gələn bütün şairlər ən gözəl, ən şah şeirlərini bu mövzuya həsr etdilər.Bununla belə heç bir şairin əsəri Səməd Vurğunun “Azərbyacan” poeması səviyyəsinə yüksələ bilmədi. Dediklərimin təsdiqi üçün vurğunşünas alim,Qurban Bayramovun fikirlərinə istind etmək istəyirəm.O yazır: “Məlumdur ki, ədəbiyyatımızda istər Vurğundan qabaq, istər onun yaşadığı dövrdə, istərsə də sonralar Azərbaycan, vətən məhəbbəti mövzularında, hətta adları da “Azərbaycan”, “Vətən” olan çoxlu şeir yazılmışdır... Lakin bu şeirlərin heç biri S.Vurğunun “Azərbaycan”ı qədər şöhrət qazana bilməmişdir. Şeirdə Vətən hissi mücərrəd, ümumi hiss deyildir; bu, canlı, qızğın bir hisslə yaşanmış vətəndaşlıq pafosudur; Vətəni xalq təfəkkürü, xalq mənəviyyatı, xalqın tarixi təcrübəsi ilə duymağın, dərk etməyin poetik məhsuludur. Məhz bu keyfiyyətlərə görə “Azərbaycan”-Vətən mövzusunda təkrarolunmaz poetik kəşfdir”.Qeyd olunanlar barədə A. Salmansoyun fikirləri də maraqlıdır.
O, yazır: “Azərbaycan” şeiri haqqındakı mütəxəssis rəylərini toplasaq, mübaliğəsiz deyirik ki, bir kitaba sığmaz. S.Vurğunun “Azərbaycan” şeiri ilə dil açmayan azərbaycanlı körpəsi olmadığı kimi, “Azərbaycan” şeiri haqqında yazmayan, fikir yürütməyən Azərbaycan ədəbiyyatşünası da, demək olar ki, yoxdur. Digər tərəfdən o da həqiqətdir ki, ”Azərbaycan” şeirindən sonra poeziyamızda vətənin vəsfi ilə bağlı yaranmış bütün bədii nümunələr bu və ya digər şəkildə S.Vurğunun dünyaduyum və deyim tərzinə söykənir, S.Vurğun ənənələrini davam etdirir”.
Azərbaycançılıq məfkurəsinin ən böyük daşıyıcılarından biri olan, bu məfkurəni yaşadığı dövrün bütün ziddiyyətlərinə, ideoloji basqılarınavə həyati təhlükələrinə baxmayaraq öz əməlində, fəaliyyətində və yaradıcılığında ən parlaq şəkildə tərənnüm edən və təcəssüm etdirən Səməd Vurğunun bütün yaradıcılığı və fəaliyyətini küll halında Azərbaycan haqqında bir dastan, Aslan Salmansoyun təbirincə desək “Azərbaycannamə” adlandırmaq olar. Və bu dastanın proloqu da, epiloqu da”Azərbaycan” adlı şeirdir.
Ramiz Göyüş,
yazıçı-publisist