Ərdoğan CHP sədri Özeli məhkəməyə verdi: 500 min təzminat tələb edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.
Oxu.Az-ın "Türkiye gazetesi"nə istinadən xəbərinə görə, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında paylaşım edib.

Məlumata görə, Özgür Özelin 21-ci Fövqəladə Qurultay zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan ifadələrindən sonra bununla bağlı tədbir görülüb.

Hüseyn Aydın bildirib ki, Ankara Asliye Hüquq Məhkəməsində Özel haqqında 500 min Türkiyə lirəsi (22 min manatdan çox) dəyərində mənəvi təzminatın ödənilməsinə dair məhkəmə iddiası qaldırılıb.

Hüseyn Aydının sözlərinə görə, həmçinin prezidentin təhqir edilməsi ittihamı üzrə Ankara Respublika Baş Prokurorluğunda cinayət işinin açılmasına dair müraciət edilib.

Qeyd edək ki, Özgür Özelin Ərdoğana ünvanladığı "Türkiyəni seçkilərdən, rəqiblərindən və millətdən qorxan bir xunta idarə edir" sözləri tənqidlərə səbəb olub.

Prezident Rəcəb Tayyib Ərdoğan "xunta üzvü" ifadəsinə görə Özelə qarşı 500 min lirə təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.