Arda Gülər gündəm oldu: “Qaranlıqda yeganə ümid işığı”

İspaniya La Liqasının 33-cü turunda "Real Madrid" “Alaves”i 2:1 hesabı ilə məğlub etsə də, matçın əsas müzakirə mövzusu yenə də Arda Gülər oldu.

Sherg.az xəbər verir ki, ispan mətbuatı gənc türk futbolçunun performansını yüksək qiymətləndirib.

"Real Madrid" bu mövsüm Çempionlar Liqasında “Bayer Münhen”ə uduzaraq turnirdən kənar qalmış, La Liqada isə “Barselona”nın arxasında qalmışdı. “Alaves”lə oyunda qələbəyə baxmayaraq, azarkeşlərin narazılığı davam edib və bəzi futbolçular fitə tutulub.

“Bernabeu” stadionunda keçirilən qarşılaşmada “Real Madrid” ilk hissəni Arda Gülərin məhsuldar ötürməsi və Mbappenin qolu ilə öndə başa vurub. İkinci hissədə Vinisiusun möhtəşəm qolu fərqi iki topa çıxarıb. Matçın sonunda “Alaves” fərqi azaltsa da, oyun 2:1 hesabı ilə Madrid klubunun xeyrinə bitib.

Arda Gülərin assisti ilə yanaşı ümumi oyunu da İspaniya mətbuatında böyük tərif alıb.

İspan jurnalist Qilyermo Fernandes matçı dəyərləndirərkən Arda Güləri xüsusi qeyd edib. “Mundario” nəşrində yer alan yazıda belə deyilir:

“Arda Gülər bu qaranlıq mühitdə yeganə ümid işığı kimi önə çıxır. Qolları Vinisius və Mbappe vurdu, amma günün ən böyük qəhrəmanı türk yarımmüdafiəçisi idi.”

Məqalədə qeyd olunur ki, Arda Gülər oyunu idarə etməsi, düşünmə sürəti və düzgün qərarları ilə "Real Madrid"in gələcək əsas fiqurlarından biri kimi görülür.

Azarkeşlərin narazılığı və komanda daxilində gərginlik fonunda Arda Gülərin parlaq oyunu Madrid klubunda nadir müsbət məqamlardan biri kimi qiymətləndirilir.