Ayxan Abbasov: Nə qədər müsbət hadisələr olsa da, bəzi çatışmazlıqlar var

"Bilirdik ki, 4 oyun da çətin olacaq. Futbolçular yorulacaq. Əsas odur ki, böyük zədəmiz yoxdur. Lixtenşteynə qalib gəlib bu oyunda məğlub olsaq, öncəki qələbənin önəmi olmayacaqdı. Komanda uduzmaq istəmirdi, xarakter göstərirdi. Bu da gələcək üçün inam verir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Litva ilə oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

"Həqiqətən çətindir. Bir məşqçi üçün böyük təcrübədir. Meydançada önəmli olan vətənpərvər olmaq, meydançada can qoymaqdır. Nə qədər müsbət hadisələr olsa da, bəzi çatışmazlıqlar var. Əvvəl futbolçulara deyirdim ki, cərimə meydançasına çata bilmirik. Bu gün isə cərimə meydançasında top itiririk", - deyə baş məşqçi əlavə edib.