İnfantinoya ağır zərbə: İtaliya dəstəyini geri çəkdi

İtaliya Futbol Federasiyası (FIGC) qarşıdakı FIFA prezident seçkisində qurumun hazırkı prezidenti Canni İnfantinoya dəstəyini rəsmi olaraq geri çəkdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə FIGC-nin saytında yayımlanan bəyanatda bildirilib.

Qeyd olunub ki, federasiyanın mövqeyi UEFA-nın və onun prezidenti Aleksander Çeferinin beynəlxalq yarışların idarə olunması sahəsində FIFA rəhbərinin təşəbbüslərinə münasibəti ilə tam üst-üstə düşür.

FIGC bu qərarı FIFA rəhbərinin əsas turnirlərin kommersiya hüquqlarına nəzarət etməli olan "FIFA Forward Enterprise" (FFE) şirkətinin yaradılması təşəbbüsünə yönələn tənqidlər fonunda açıqlayıb.

4,2 milyard dollar cəlb edəcəyi vəd edilən layihə UEFA, KONKAKAF, AFC və KONMEBOL tərəfindən rədd edilib. Bu qurumlar İnfantinonu FIFA-nın fəaliyyətində şəffaflığın olmamasında ittiham ediblər. Afrika Futbol Konfederasiyası və bir sıra Cənubi Amerika federasiyaları daha əvvəl FIFA rəhbərinə sadiqliklərini ifadə etsələr də, iri Avropa assosiasiyalarının mövqeyi İtaliya da daxil olmaqla, bir sıra milli federasiyaların dəstəklərini geri çəkməsinə səbəb olub.

İsveçrəli İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib, 2019-cu ildə isə yeni müddətə yenidən seçilib. FIFA prezidentinin növbəti seçkisi 2027-ci ilin martında keçiriləcək.