2026-cı il FIFA Dünya Kubokunun 1/8 final mərhələsində Fransa millisi Paraqvayı 1:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Lakin qarşılaşmadan sonra Kilian Mbappenin davranışı müzakirələrə səbəb olub.
Sherg.az xəbər verir ki, final fitindən sonra Paraqvay millisinin qapıçısı Orlando Gill Mbappe ilə əl sıxmaq istəsə də, fransalı futbolçu buna reaksiya verməyib. Bundan əsəbiləşən Gill əlindəki topu Mbappeyə tərəf atıb.
Mbappe isə matçdan sonra verdiyi açıqlamada komandasının fiziki mübarizəyə hazır olduğunu bildirərək, "Lazım gələrsə, sərt futbol oynamağı da bacarırıq" deyib.
Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro isə oyundan sonra Fransa komandasının yalnız penalti hesabına fərq yaratdığını bildirib:
"Bu gün həmin penalti olmasaydı, onlar bizə qol vura bilməzdilər. Ona görə də qələbəni belə qeyd etdilər və matçın sonunda vaxt uzatmağa başladılar. Futbolçularıma dedim ki, biz gündəlik dolanışığımız uğrunda mübarizə aparırıq. Bu uşaqlar çox ağır həyat sınaqlarından keçiblər. Bizim fəlsəfəmiz meydanda şirlər kimi döyüşməkdir. Mübarizəmiz təvazökarlıq və sadəlik üzərində qurulub. Meydanda son nəfəsimizə qədər savaşdıq."
"Qızını xilas etmək üçün paltarlarını satıb"
Qustavo Alfaro komandasının futbolçularının çətin həyat şəraitindən də danışaraq xüsusilə qapıçı Orlando Gillin yaşadıqlarını vurğulayıb:
"Qızıl Top uğrunda mübarizə aparan futbolçulara, Dünya Kuboku tarixinin ən məhsuldar bombardirlərindən birinə qarşı həyatlarında ağır faciələr yaşamış uşaqlarla meydana çıxdıq. Məsələn, qapıçımız Orlando Gill... Bilirsinizmi, neçə ildir maaş almır? Bəs qızının həyatını xilas etmək üçün paltarlarını satdığını bilirsiniz? Dünyanın hansı komandası onun kimi qapıçıya sahib olmaq istəməz?"