“Qalatasaray” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Fransada “Monako”nun qonağı olacaq.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, “sarı-qırmızılar” bu vacib qarşılaşmaya ciddi itkilərlə yollanır. Klubun baş həkimi Yener İnce zədə səbəbindən üç futbolçunun heyətdə yer almayacağını açıqlayıb. Həkim Mario Lemina, Kaan Ayhan və Vilfrid Sinqonun Fransa səfərinə aparılmayacağını dəqiqləşdirib. O, sıx oyun qrafikinin futbolçuların sağlamlığına mənfi təsir etdiyini vurğulayıb.
Bundan əlavə, Kazımcan Karataşın adı UEFA siyahısında olmadığı üçün o da matçı buraxacaq. İsmayıl Yakobsun durumu ilə bağlı isə texniki heyətlə birgə qərar veriləcəyi bildirilib.
Qeyd edək ki, qarşılaşma 10 dekabrda baş tutacaq.