"Financial Times" (FT) yazır ki, ABŞ prezidenti Donald Trampın “qlobal sövdələşmə maşınına” çevrilməsinin arxasında onun qlobal tərəfdaşlıq üzrə xüsusi elçisi, iş adamı Paolo Zampolli dayanır.
Zampolli iddia edir ki, o, Trampı həyat yoldaşı Melaniya Trampla şəxsən tanış edib. Nəşrin məlumatına görə, o, tez-tez Avropa və Yaxın Şərq paytaxtları arasında səfərlər edir, bəzən isə yüksək vəzifəli ABŞ rəsmiləri ilə birlikdə hərəkət edir.
“Əsas rəhbərim ABŞ prezidentidir. Mən göstərişləri Ağ Evdən, Ticarət Nazirliyindən və Müdafiə Nazirliyindən alıram - hamısı "Amerika hər şeydən əvvəl" proqramına xidmət edir”, - deyə Zampolli bildirib.
Sherg.az xəbər verir ki, "FT"-in yazdığına görə, Zampolli digər şəxslərə ABŞ prezidentinə və administrasiya rəsmilərinə çıxış imkanı yaradır, lakin bu, “müəyyən ödəniş” qarşılığında baş verir. Onun iş prinsipi isə belə təsvir olunur: “20 milyard dollar - 20 dəqiqəyə.”
Zampolli bildirib ki, bu yaxınlarda Özbəkistana səfər edərək ABŞ-nin “Boeing” şirkətindən təyyarə alışı ilə bağlı razılaşma əldə etməyə çalışıb. Onun sözlərinə görə, ilkin təklif 4 milyard dollar olub, lakin o bunu rədd edib:
“Dedim ki, siz nə edirsiniz? Mən rəhbərimə belə kiçik məbləğ üçün zəng etmərəm. Mənə 50 milyard lazımdır”, -deyə o bildirib.
Nəticədə, Zampollinin sözlərinə görə, tərəflər qısa müddət ərzində 20 milyard dollarlıq razılaşmaya gəliblər: “20 milyard dollar - 20 dəqiqəyə”.
O əlavə edib ki, bir çoxları onun vasitəsilə ABŞ prezidentinə çıxış əldə etmək istəyir:
“İnsanlar məni görəndə nəsə istəyirlər. Mən onlara deyirəm: "Boeing alın". Əgər prezidentin xoşuna gəlmək istəyirsinizsə, "Boeing" alın. Bu, çox sadədir”.
Lakin rəsmi məlumatlara görə, Tramp daha əvvəl bəyan edib ki, “Uzbekistan Airways” 22 təyyarə almağa razılaşıb və bu müqavilənin dəyəri 8 milyard dollardan çoxdur, əlavə sifariş imkanı da mövcuddur. Daha sonra o, Özbəkistanın ABŞ sənayesinə “100 milyard dollardan çox” investisiya qoyacağını bildirib.
ABŞ Dövlət Departamenti isə Zampollinin bəzi iddialarını təkzib edərək vurğulayıb ki, əsas razılaşma birbaşa Tramp ilə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında əldə olunub.
"FT" həmçinin yazır ki, Zampolli Rumıniyada bir parkın Trampın adı ilə adlandırılması ilə bağlı razılaşmada da rol oynayıb.
Qeyd olunur ki, Zampolli 1990-cı illərdən etibarən Nyu-Yorkda tanınmış ictimai fiqur olub və model biznesində fəaliyyət göstərib. O, metallurgiya və dəmir yolu sahələrində bizneslə məşğul olmuş italyan mənşəli ailənin nəslindəndir.
Nəşr yazır ki, Tramp administrasiyasında prosedurlardan çox sədaqət və nəticələrin ön planda olduğu bir mühitdə Zampolli qeyri-rəsmi, şəxsi əlaqələrə əsaslanan və sırf sövdələşmələrə yönəlmiş “paralel diplomatiya”nın simvoluna çevrilib.
Məqalədə vurğulanır ki, bu yanaşma nəticəsində dövlət idarəçiliyi ilə biznes, diplomatiya ilə kommersiya arasındakı sərhədlər getdikcə daha da bulanıqlaşır.