ABŞ və İsrail xalqın ayağa qalxacağını gözləyirdi, ancaq alınmadı - Hərbi ekspert

 Tehran "B planı" ilə hərəkət edir

Səxavət Məmməd: “İran liderləri məhv olunsa da, döyüş qabiliyyətini itirmədən müqaviməti davam etdirir”

İran yeni və son dərəcə həssas bir mərhələyə qədəm qoyub. Ali dini liderin öldürülməsindən sonra ölkədə hakimiyyət boşluğu yaranıb və vəziyyətin nəzarətdən çıxmaması üçün müvəqqəti rəhbərlik şurası formalaşdırılıb. Bu hadisə artıq təkcə daxili siyasi sabitlik məsələsi deyil, həm də regional və qlobal təhlükəsizlik balansına təsir edə biləcək bir dönüş nöqtəsidir.

Belə bir şəraitdə İrana mümkün hücum ehtimalı regionda onsuz da kövrək olan təhlükəsizlik arxitekturasını daha da sarsıda bilər. Yaxın Şərqdə güc balansının dəyişməsi, enerji bazarlarında dalğalanmalar və beynəlxalq aktorların prosesə müdaxilə ehtimalı situasiyanı daha da mürəkkəbləşdirir.

Hazırkı mərhələ həm daxildə siyasi legitimlik mübarizəsinin, həm də xaricdə strateji qarşıdurmaların kəskinləşməsi ilə xarakterizə olunur. İrana qarşı hərbi ssenarinin gündəmə gəlməsi isə yalnız bu ölkə üçün deyil, bütövlükdə region üçün yeni və proqnozlaşdırılması çətin bir mərhələnin başlanğıcı ola bilər.

Hərbi ekspert Səxavət Məmməd “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları fonunda rəsmi Tehranın atdığı addımlar və verdiyi cavablar unikal bir müharibə modelini ortaya qoyur:

“Məlum olduğu kimi, ABŞ və İsrailin İrana endirdiyi ilk zərbələr nəticəsində ölkənin ali dini lideri və strateji postlarda olan komandir heyəti sıradan çıxıb. Ancaq İran bu ağır itkilərə rəğmən nəinki tərəddüd etdi, əksinə, zərbələrinin intensivliyini daha da artırdı. İran, bəlkə də, dünyada çox az ölkələrdən biridir ki, dövlət rəhbərliyi müharibənin ilk günü məhv edilsə də, döyüş qabiliyyətini itirmədən müqaviməti davam etdirə bilir. Vaşinqton və Təl-Əviv üçün Xamneyi əsas hədəf idi. Hhesab olunurdu ki, onun fiziki məhvi sistemi sarsıdar və rejimi çökdürər. Reallıq isə bunun tam əksini göstərir.

Əslində, müharibədən əvvəl İran tərəfi rəhbər şəxslərin öldürüləcəyi təqdirdə onların yerinə keçəcək şəxslərin əvvəlcədən müəyyən edildiyi və təlimatlandırıldığı barədə məlumat sızdırmışdı. Tehran bu savaşa bir "ölüm-dirim mübaribəsi" kimi hazırlaşıb. Hadisələrin hazırkı gedişatı göstərir ki, İranın başqa seçimi də yoxdur, ya tam təslim olub ABŞ və İsrailin boyunduruğu altına girməli, ya da regionda varlığını qorumalıdır. "12 günlük müharibə" təcrübəsinə nəzər salsaq, o zaman İranın raket zərbələri kütləvi olsa da, dəqiqlik baxımından ciddi problemlər yaşanırdı. Ancaq hazırkı hərbi əməliyyatlar göstərir ki, İranın raket texnologiyası kifayət qədər təkmilləşib və hədəfləri yüksək dəqiqliklə vurur”.

S. Məmmədin fikrincə digər diqqətçəkən məqam tərəflərin müharibəyə yanaşma tərzi ilə bağlıdır. Onun fikrincə ABŞ və İsrail bu prosesə bir "cərrahi əməliyyat" kimi baxırdı:

“Rəhbərliyi məhv et, generalları sıradan çıxar, xalq küçələrə axışsın və hakimiyyət dəyişsin. İran isə prosesə "total müharibə" kimi hazırlaşıb. Bu səbəbdən müttəfiqlərin addımları standart xarakter daşısa da, İranın cavabları fərqli və effektivdir. Əgər ABŞ-ın Yaxın Şərq və Körfəzdəki bazalarını, eləcə də HHM sistemlərini birinci eşalon hesab etsək, İran bu müdafiə xəttini tamamilə iflic edib. Körfəz ölkələrindəki radarları və ballistik raket izləmə sistemlərini sıradan çıxaran Tehran, indi həm hərbi bazaları, həm də təxliyə edilən hərbçilərin sığındığı otelləri asanlıqla hədəf alır. Faktiki olaraq, İran dronları və raketləri ABŞ bazalarını "atış poliqonuna" çevirib. Xüsusilə təkmilləşdirilmiş "Şahed" dronları artıq təkcə HHM-i tükətmək üçün deyil, həm də birbaşa hədəf vurmaq üçün effektiv şəkildə istifadə olunur.

Buna baxmayaraq, İranın zəif nöqtələri də az deyil. Əsas problem Hava Hücumundan Müdafiə (HHM) sistemləridir. Tehran kəşfiyyat dronlarını və az sayda raketi vura bilsə də, genişmiqyaslı hücumlar qarşısında bu yetərli deyil. Xüsusilə ABŞ-ın alçaqdan uçan qanadlı raketləri İranın HHM sistemlərinin effektivliyini minimuma endirir”.

Ekspert qeyd edib ki, ABŞ və İsrail qırıcılarının İran səmasına birbaşa daxil olmaqdan çəkinməsi göstərir ki, Tehran S-300 və "HQ9-BE" sistemlərini strateji bunkerlərdə ehtiyatda saxlayır:

“Bu riskin fərqində olan müttəfiqlər hava məkanına daxil olmağa cəsarət etmirlər. Həmçinin, regiondakı HHM radarları sıradan çıxarıldığı üçün İran hətta özünün köhnə F-5-ləri və onun bazasında yığılmış "Saeqeh" və "Kovsar" qırıcıları ilə də hücumlar həyata keçirə bilir. Böyük ehtimalla İran bir neçə gün sonra Miq-29 və Su-35-lərdən də istifadə edəcək.

İranın strateji gedişlərindən biri də Hörmüz boğazı ilə bağlıdır. Əvvəllər bu, bir şantaj aləti idisə, hazırda boğaz real olaraq bağlanıb. Xəbərdarlığa məhəl qoymayan tankerlərin vurulması və xəbərdarlıq atəşləri Tehranın qətiyyətini göstərir. Hətta Səudiyyə Ərəbistanının neft infrastrukturuna endirilən zərbələr İranın "heç bir qırmızı xətt tanımayacağı" bəyanatının təsdiqidir.

Hesab edirəm ki, bu, İranın "B planı"dır. Əgər ali lider öldürülməsəydi, bəlkə də İran daha balanslı müharibə ("A planı") aparardı. İndi isə Tehran müharibənin coğrafiyasını qəsdən genişləndirir. Fransa hərbi bazasının, İraq Kürdüstanının vurulması buna xidmət edir. Xamneyinin ölümü Pakistanda və İraqda kütlələri ayağa qaldırdı, Hizbullah və Husilər aktivləşdi. Xüsusilə İraq ərazisində quru döyüşlərinin başlanma ehtimalı çox yüksəkdir. Ərəb dünyasında isə Misirin Tehranı qınaması ciddiyə alınmır, çünki Fələstin faciəsinə səssiz qalan bir ölkənin "ərəb təəssübkeşliyi" gülünc görsənir.

Müşahidələrim göstərir ki, ABŞ və İsrailin alternativ planı yoxdur. Onlar rəhbərliyin ölümü ilə xalqın ayağa qalxacağını gözləyirdilər, ancaq bu baş vermədi. İndi isə yalnız "tükətmə zərbələri" ilə kifayətlənirlər.

Müharibənin ilkin nəticələri olaraq demək olar ki, Körfəz ölkələri ABŞ-ın "təhlükəsizlik qarantiyasını" ciddi şəkildə sorğulayacaqlar. Əgər müharibə bu şərtlərlə bitsə, ABŞ Yaxın Şərqdə ağır nüfuz itkisi ilə üzləşəcək. İran üçün bu savaş insan ölümləri, eləcə də infrastruktur baxımından milyardlarla dollar və bərpası çətin itki demək olsa da, siyasi baxımdan onu regionun əsas söz sahibinə çevirəcək. Bundan sonra İrana qarşı addım atmaq istəyənlər 2 deyil, 50 dəfə düşünməli olacaqlar”.