Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü yüksək qiymətləndirərək, Vaşinqtonun Kiyevə müsbət münasibətindən məmnun olduğunu bildirib. Tərəflər Rusiya ilə müharibəyə son qoymaq üçün diplomatik səylərin yenidən aktivləşdirilməsini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Təxminən bir saat davam edən görüşdən sonra Tramp Zelenski ilə səmimi şəkildə jurnalistlər qarşısında görüntülənib. Bundan sonra Ağ Evin sülh üzrə xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda ilk dəfə Kiyevə səfər edəcəkləri barədə də məlumat yayılıb.
Nəşrin fikrincə, səfərdən ən çox siyasi nəticə əldə edən tərəf Zelenski olub, nəinki Donald Trampın soyu qarşıladığı İsrail Baş naziri Benyamin Netanyahu.
Mənbə qeyd edib ki, Tramp həmişə qalibləri sevir, Ukraynanın Rusiyaya qarşı göstərdiyi müqavimət Zelenskinin onun gözündə nüfuzunu artırıb. Tramp “Truth Social”da Zelenski ilə görüşün onun üçün böyük şərəf olduğunu yazıb: “Bir çox məsələni müzakirə etdik. Görüş çox yaxşı keçdi”.
Zelenski də söhbəti “çox yaxşı” adlandıraraq qeyd edib ki, həm özü, həm də Tramp müharibənin bitməsini istəyir, amma Rusiya Prezidenti Vladimir Putin buna maraq göstərmir.
Görüşdən sonra Zelenski senatorlarla Trampa Rusiyaya və onun enerji resurslarını alan ölkələrə qarşı sanksiyaları sərtləşdirmək səlahiyyəti verən qanun layihəsini müzakirə edib. Həmin gün ABŞ Senatı 86 səs lehinə, 12 səs əleyhinə olmaqla ikipartiyalı sanksiyalar qanun layihəsinin müzakirəsinə başlanmasını dəstəkləyib.
Zelenski daha sonra bildirib ki, Trampla “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsal lisenziyaları, eləcə də Ukraynanın müdafiəsini gücləndirə biləcək digər təşəbbüsləri müzakirə edib. Liderlər diplomatik prosesin sürətləndirilməsi barədə də fikir mübadiləsi aparıblar.
KİV-in məlumatına görə, Zelenskinin əsas strategiyası ABŞ və Ukraynanın ortaq rəqibinin Rusiya olduğunu nümayiş etdirmək və Trampı onların eyni tərəfdə olduğuna inandırmaq olub. Tramp ötən il Putini müəyyən qədər tənqid etsə də, müharibənin başa çatdırılmasında vasitəçi olmaq istədiyi üçün Ukraynaya açıq dəstək verməkdən çəkinirdi.
Rusiyanın İrana ABŞ hədəflərinə qarşı silahlardan istifadə etməyə kömək etməsi barədə sualını cavablandıran Tramp deyib: “Bunun doğru olub-olmadığını öyrənəcəyik. Bu barədə Putindən soruşacam. Bunun böyük təsiri olmadı, çünki onları darmadağın etdik. Venesuelada da hər şey Rusiya istehsalı idi. Bunun nəticəsi necə oldu?”.
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst bildirib ki, Tramp və Zelenski arasında münasibətlərin yaxşılaşması əsasən Ukraynanın həm cəbhədə, həm də Rusiyanın dərinliklərinə endirdiyi zərbələrdə qazandığı uğurlarla bağlıdır. Herbst hesab edir ki, Tramp artıq Zelenskinin əvvəllər düşündüyündən daha güclü mövqeyə malik olduğunu qəbul edir.
Ukrayna lideri səfər çərçivəsində “Lockheed Martin” müdafiə şirkətinin nümayəndələri ilə də görüşüb. Onlar “Patriot” sistemləri üçün raketlər də daxil olmaqla silah istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə istehsal və texnologiya mübadiləsini müzakirə ediblər.