Aİ missiyasının Ermənistanda ömrünü uzatması regionda balansı dəyişməyəcək - Tural Gəncəliyev

“Cənubi Qafqaza gəlmək istəyən istənilən qüvvələr, bölgənin söz sahibləri olan Türkiyə və Azərbaycandan razılıq almalıdır"

Ermənistan hökuməti parlament seçkilərinə az müddət qaldığı dövrdə, Rusiyanın mümkün təzyiqlərindən qorunmaq məqsədilə Avropa İttifaqına sığınmağa başlayıb. Artıq təşkilat hibdird təhdidlərin qarışısını almaq məqsədilə Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib.

Qrup, qanunsuz seçki maliyyələşdirilməsi hallarının aşkarlanmasında aidiyyəti orqanlara kömək edəcək. Parlament seçkilərinin iyun ayında keçirilməsinə baxmayaraq, missiyanın fəaliyyət müddətinin iki il uzadılması diqqət mərkəzinə çevrilib. Görünür, Aİ özbaşına qərarlar verməyə öyrəşib. Ötən il də təşkilat Azərbaycan-Ermənistan sərhədində nəzarəti təmin etmək məqsədilə göndərdiyi müşahidə missiyasının mandatını 2 il uzatmışdı. Bununla da Ermənistanda eyni təşkilatdan iki ayrı missiya fəaliyyət göstərəcək. Əgər Avropa İttifaqının məqsədi Ermənistanın təhlükəsizliyini təmin etməkdirsə, bu halda missiyanın fəaliyyət müddətinin uzadılması hansı zərurətdən irəli gəlir? Bir aylıq dəstək mexanizmi yetərli deyilmi?

Mövzu ilə bağlı deputat, "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev Sherg.az-a bildirib ki, Avropa İttifaqı Ermənistana mülki missiya göndərməklə ölkədə daha aktiv rol oynamağa çalışır:

“Artıq ölkənin siyasi gedişatında dönüş nöqtəsi hesab olunan parlament seçkilərinin keçirilməsinə qısa müddət qalıb. Ona görə də, Ermənistan Rusiya və Aİ-nin rəqabət mühitinə çevrilib. Ermənistanın seçkilərdə potensial təhdidlərlə üzləşmə ehtimalı Aİ-nin müdafiə mexanizmlərini işə salıb. Aİ Ermənistana yeni missiya göndərməklə ölkənin daxili işlərinə müdaxilə etməməsi üçün Rusiyaya siyasi mesaj ötürür”. 

Deputat Avropa İttifaqının Cənubi Qafqazda mövcud siyasi maraqlarına toxunub:

“Azərbaycan və Gürcüstan da Aİ və Qərb ölkələri kimi güc mərkəzləri ilə əməkdaşlıq edir. Lakin onlar Ermənistandan fərqli olaraq suveren xarici siyasət prinsiplərinə əsaslanaraq əlaqələrini inkişaf etdirirlər. Avropa İttifaqı Ermənistanı hər zaman strateji fürsət kimi görüb. Yəni, təşkilat “əməkdaşlıq” adı altında regionda lövbər salmağı planlayır. Onlar Cənubi Qafqazda siyasi maraqlarını təmin etməyə çalışırlar. Lakin Aİ-nin bu addımı regionda balansı dəyişdirməyəcək. Çünki regionda aparıcı söz sahibi Azərbaycandır. Türkiyə ilə genişlənən əlaqələr Cənubi Qafqazın siyasi gündəliyinin formalaşmasına xidmət edir”.  

T.Gəncəliyevin fikrincə, Avropa İttifaqının müşahidə missiyasının müddəti region ölkələri ilə razılaşdırılmadan uzadıla bilməz:

“Cənubi Qafqaza gəlmək istəyən istənilən qüvvələr, bölgənin söz sahibləri olan Türkiyə və Azərbaycandan razılıq almalıdır. Mülki missiya region ölkələrinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərdiyi təqdirdə, Cənubi Qafqaz üçün müəyyən faydalar və töhfələr təmin edə bilər. Lakin biz 44 günlük müharibənin başa çatmasından sonra bölgəyə gələn müşahidə missiyasının, heç bir nəticə vermədiyinin şahidi olduq. Əgər Azərbaycan, Türkiyə və ya Gürcüstan bu missiyaya skeptik yanaşarsa, onun Ermənistandakı fəaliyyəti effektiv olmayacaq. Beləliklə, Aİ uğursuzluqdan kənara çıxa bilməyən təşkilat kimi yadda qalacaq”.