"İsrail və ABŞ İran ərazisinə zərbələr endirməkdə davam edir. ABŞ-İsrail ikilisinin İrana qarşı başlatdığı hərbi əməliyyatlarla bölgəmiz yenidən alov çənbərinə dönüb. İsrail tərəfi net olaraq İranda rejim dəyişikliyini hədəfləyir".
Bu sözləri "Sherg.az" a açıqlamasında siyasi şərhçi Elvin Baxşalızadə deyib.
Siyasi şərhçi qeyd edib ki, hərbi əməliyyatların nə qədər davam edəcəyi ilk növbədə İsrail ali-siyasi rəhbərliyinin qərarlarından asılı olacaq:

"Artıq hər iki tərəf üçün qırmızı xətt anlayışı qalmayıb. ABŞ-İsrail ikilisi Tehran da daxil olmaqla,İranın əsas böyük şəhərlərini və hərbi obyektlərini raket atəşinə tutub. Bəzi mülki obyektlər də hərbi əməliyyatlar zamanı zərər görüb. Onlarla mülki insanın öldüyü bildirilir. İran tərəfi bu hücumlara qarşılıq olaraq İsrail və ABŞ-nin bölgədə yerləşən hərbi bazalarını hədəf alıb. Bəhreyn,Qətər,Küveyt,İraq və BƏƏ İran raketlərinin hədəfinə çevrilib. Həmin ölkələrdə yerləşən ABŞ hərbi bazaları ilə yanaşı,bəzi mülki binalar və infrastruktur da İran tərəfindən vurulub".
E. Baxşalızadə həmçinin əlavə edib ki, artıq İran dövlət televiziyası rəsmi olaraq Ali dini lider Əli Xamneyinin öldürülməsi xəbərini təsdiqləyib:
"İranda 40 günlük matəm elan olundu. Xamneyinin özündən əlavə bir neçə yaxını da bu hücumda həlak olub. Həm İran həm də şiə dünyasında böyük nüfuz sahibi olan Xamneyinin ölümü İran və bölgə üçün yeni situasiya yaradacaq. İran tərəfi qisas və yerli əhalini sakitləşdirmək üçün daha böyük hücumlar etməyə məcbur olacaq".
"Bundan başqa gələn qeyri-rəsmi məlumatlara görə İran tərəfi Hörmüz boğazını bağlamaq qərarı verib. Qeyd edim ki, dünyada hasil olunan ümumi neftin təxminən 20 %-i bu boğaz vasitəsiylə bazara çıxır. Əgər bu qərar qüvvədə qalarsa gələn həftədən neft qiymətlərində ciddi artım görə bilərik"-deyə E. Baxşalızadə əlavə edib.