Artıq bir deyil, üç CHP var, bunu başladan da İmamoğludur - Emre Diner

İmamoğlu həbsxanada ikən CHP-ni bölmək üçün hərəkətə keçdi. Bunun siqnalları olduqca aydındır…

"O, "Mütləq etibarsızlıq" davası öncəsi hazırlığını edib. İmamoğlu partiyada 40-dan artıq millət vəkili ilə yeni bir səhifə açacaq"

Mütləq etibarsızlıq qərarı ilə bağlı proseslərin gündəmdə qalması Türkiyənin ana müxalifət partiyası CHP-də yaşanan böhranın davam etdiyini göstərir.

Son dövrlərdə partiya daxilində müşahidə olunan gərginliklər və rəhbərlik səviyyəsində ortaya çıxan fikir ayrılıqları prosesin daha da dərinləşdirir. Siyasi proseslər fonunda CHP-nin gələcəyi ilə bağlı müzakirələr intensivləşərkən, partiya daxilində fərqli qruplaşmaların mövcudluğu da diqqət çəkir.

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a artıq 3 CHP-nin: Kamal Kılıçdaroğlu, Özgür Özəl və Əkrəm İmamoğlu CHP-sinin mövcud olduğunu vurğulayıb:

""Mütləq etibarsızlıq" qərarı ilə Türkiyənin ana müxalifət partiyası CHP-də yaşanan böhran davam edir. Həm köklü, həm də Cümhuriyyətimizin qurucusu Atatürkün əmanəti olan CHP-nin düşdüyü vəziyyətin tamamilə partiya yetkililərinin şəxsi mənafelərini partililərin və ölkə mənafelərinin önündə tutması ilə bu nöqtəyə gəldiyi qənaətindəyəm. Hüquq dövləti olan Türkiyənin məhkəmə sisteminin “siyasiləşdi” nağılları ilə CHP-dəki ciddi miqdardakı korrupsiyaların qarşısı bağlanmağa çalışıldı. Amma ümumi baxıldıqda artıq 3 CHP var: Kamal Kılıçdaroğlu, Özgür Özəl və Əkrəm İmamoğlu CHP-si".

Analitik dünən CHP-də baş verənlərə də münasibət bildirib:

"Dünən CHP ümumi mərkəzində yaşananlar əlbəttə Türk siyasi tarixi üçün unudulmaz bir an ola bilər. Kamal Kılıçdaroğlu ilə Özgür Özəl dialoq içində CHP-ni bu prosesdən zərər almadan çıxarmaq üçün niyyət ortaya qoydu. Lakin Özgür Özəl ümumi başçı olduğu dövrdə partiyanı özü deyil, Silivridə həbsdə olan Əkrəm İmamoğlu idarə edirdi. İmamoğlu dünənki prosesi vəkilləri vasitəsilə Özəlin yönləndirməsi ilə çıxılmaz vəziyyətə saldı. Özgür Özəlin Ümumi Mərkəzdən çıxmayacağını elan etməsi və Məclisdə qrup toplantısını özünün keçirəcəyi söyləməsi ciddi mənada Kılıçdaroğluna açdığı müharibənin göstəricisidir". 

Emre Diner CHP-nin sürətli şəkildə parçalanmaya getdiyini söyləyib:

"Partiyada üç başlı vəziyyətlə siyasət aparmaq çıxılmaz küçəyə girmək kimi bir hal alıb. İmamoğlu həbsxanada ikən CHP-ni bölmək üçün hərəkətə keçdi. Bunun siqnalları olduqca aydındır…

İmamoğlu "Mütləq etibarsızlıq" davası öncəsi hazırlığını edib. O, partiyada 40-dan artıq millət vəkili ilə yeni bir səhifə açacaq".

Müsahibimiz bu mövzuların Avropanın dərdiymiş kimi təqdim olunmasını qətiyyətlə pisləyib:

"Türkiyənin son illərdə regional mənada güc qazandığı bir dövrdə, CHP-dəki böhranın Avropa və başqa ölkələrin dərdiymiş kimi təqdim olunması qəbul edilə bilməz. Türkiyə öz daxili problemlərini həll edə biləcək gücdədir".