Naxçıvanın hədəfə alınması regionu alova sürükləyə bilər
Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb: “Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.
Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək”.
Siyasi ekspertlər də qeyd edib ki, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət beynəlxalq münasibətlərin fundamental qaydalarından biridir. Bir dövlətin başqa bir ölkənin ərazisinə pilotsuz uçuş aparatı göndərməsi beynəlxalq hüququn əsas prinsiplərinin pozulması deməkdir. Xüsusilə regionda onsuz da artan təhlükəsizlik riskləri fonunda belə addımlar yeni eskalasiya ehtimalını gücləndirir və regional sabitliyə əlavə təhdid yaradır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Sherg.az”a açıqlamasında İran dronları tərəfindən Naxçıvanın hədəfə alınmasını kəskin şəkildə pislədiyini bildirib. Deputat qeyd edib ki, bu cür addım həm beynəlxalq hüququn, həm də dövlətlər arasında mövcud olan qonşuluq və mehriban münasibətlər prinsiplərinin kobud şəkildə pozulması deməkdir: “Azərbaycanın indiyədək nümayiş etdirdiyi təmkinli və beynəlxalq hüquqa əsaslanan mövqeyə qarşı belə bir addım İran tərəfinin qeyri-adekvat davranışı kimi qiymətləndirilməlidir. Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olub və bu istiqamətdə ardıcıl siyasət yürüdüb. Buna baxmayaraq, ölkənin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım qəbuledilməzdir”. Deputat bildirib ki, Azərbaycan hüquqi və güclü dövlətdir və öz ərazi bütövlüyünü, hava məkanını və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri imkanlara malikdir. Onun fikrincə, mülki infrastruktura, xüsusilə də beynəlxalq hava limanı kimi strateji obyektə qarşı həyata keçirilən hücum regionda gərginliyi artıran təhlükəli addımdır və buna hüquqi-siyasi qiymət verilməlidir: “Azərbaycan bu kimi hallarda beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək törədilən qanunsuzluqlara qarşı qətiyyətli mövqe nümayiş etdirmək gücünə malikdir. Bu məsələ də bütün hüquqi və siyasi müstəvilərdə qiymətləndiriləcək. İranın bu hərəkətinə qarşı Azərbaycan cavab vermək hüququnu özündə saxlayır”.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz isə qeyd edib ki, bütün bunlar açıq şəkildə göstərir ki, İran daxilində birlik olmadığından müəyyən qüvvələr Türkiyə və Azərbaycanı da regionda baş verən münaqişəyə cəlb edərək hadisələri daha fərqli və təhlükəli müstəviyə keçirmək istəyirlər: “Bildiyiniz kimi dünən də İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib. Hadisə birbaşa Türkiyəyə qarşı yönəlmiş fəaliyyət olmasa da, Türkiyənin hava məkanına daxil olan obyekt Aralıq dənizi üzərində NATO tərəfindən zərərsizləşdirilib. Bu isə məsələnin Türkiyə müstəvisindən NATO-nun da prosesə cəlb olunması deməkdir”.
Y. Karauz qeyd edib ki, Azərbaycanın Naxçıvan istiqamətinə edilən dron hücumu isə İranın yeni bir cəbhə açmaq cəhdi kimi qiymətləndirilə bilər:
“Nə Türkiyənin, nə də Azərbaycan İranın ərazi bütövlüyü, yaxud da baş verən müharibə ilə birbaşa əlaqəsi yoxdur. Buna baxmayaraq, Naxçıvanda mülki əhalinin yaşadığı əraziyə belə bir hücumun həyata keçirilməsi qəbuledilməz və ağılasığmazdır. Bu, heç bir halda dost münasibətlərinə uyğun davranış deyil. Üstəlik, dünən Azərbaycan Prezidentinin İran səfirliyinə gedərək başsağlığı verməsi və İranın ali dini lideri ilə bağlı xatirə kitabına ürək sözlərini yazması kimi addımların atıldığı bir vaxtda belə bir hücumun baş verməsi tamamilə anlaşılmaz və qəbuledilməzdir.”