Azərbaycan dövləti və xalqı Türkiyənin yanındadır

Dünya azərbaycanlıları da zəlzələ qurbanlarına dəstək məqsədilə çalışır
  "Azərbaycan dövləti və xalqı hər zamankı kimi yenə də Türkiyənin yanındadır". Bu barədə "Şərq"ə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Ekspert bildirib ki, Türkiyədə baş vermiş zəlzələdən sonra mənəvi və maddi dəstək baxımından qardaş ölkəyə ən operativ reaksiyanı Azərbaycan dövləti göstərib: 
"İlk olaraq Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib, hər cür yardım və dəstək verəcəyini qeyd edib. Elə ilk maddi dəstək də Azərbaycandan olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal humanitar yardım göndərilib və bu yardımlar davam etməkdədir. Ayrıca say etibarı ilə ən çox Azərbaycanın xilasedici qrupu və hərbi tibb personalı zəlzələ zonasına ezam olunub. Ümumiyyətlə, bu gün Azərbaycan xalqı Türkiyə üçün səfərbər olaraq əlindən gələni edir. Xalqımız Türkiyənin acısına qəlbən acıyır. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən yardım mərkəzlərində izdiham yaşanır. Azərbaycan xalqı könüllü şəkildə qardaş köməyini Türkiyə üçün edir. Dövlət qurumları ilə bərabər, qeyri-hökumət təşkilatlarının, sadə vətəndaşlarımızın da bu yardım kampaniyasında iştirakı xalqımızın Türkiyəyə cani-könüldən bağlı olmasının bariz nümunəsidir". 
  F.Hüseynzadə qeyd edib ki, bütün bunlarla yanaşı, hazırda dünya azərbaycanlıları zəlzələ qurbanlarına dəstək məqsədilə ayaqdadır: "Xaricdəki soydaşlarımız da zəlzələdə dünyasını dəyişənlərlə əlaqədar Türkiyənin müxtəlif ölkələrdəki diplomatik korpuslarını ziyarət edir, başsağlığı verir. Həmçinin, yardım kampaniyaları keçirirlər. Dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində necə ayaqda idisə, bu gün də eyni fəallığı göstərirlər. Elə məhz Vətən müharibəsi günlərində Azərbaycana Türkiyə əsas dəstək vermişdi. Hazırda isə Azərbaycan xalqı Türkiyə üçün qardaş dəstəyini əsirgəmir. Bu, bir millət, iki dövlətin dostluq, qardaşlıq və həmrəylik nümunəsidir".