Azərbaycan Ordusu qısa müddətdə regionun ən qüdrətli hərbi gücünə çevrildi - ŞƏRH

  • "Ordumuzun döyüş hazırlığı, peşəkarlığı və müasir hərbi texnika ilə təminatı dövlətimizin müdafiə qüdrətinin əsas göstəricilərindəndir”

“Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsini özündə yaşadır”.

Bu sözləri Milli Məclisin deputatı Pərvəna Vəliyeva Sherg.az-a bildirib:

“Azərbaycanın müasir və qüdrətli ordusunun təməli 1918-ci il iyunun 26-da qoyulub. Məhz həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi birləşmə sayılan Əlahiddə Azərbaycan Korpusu təsis edilib. Bu qərar Şərqin ilk demokratik respublikasının öz milli ordusunu formalaşdırması istiqamətində atılmış mühüm və tarixi bir addım oldu. AXC-nin süqutundan sonra milli ordu fəaliyyətini dayandırsa da, xalqımızın dövlətçilik ənənələri və hərbi ruhu heç vaxt sönmədi”. 

Deputatın sözlərinə görə, müstəqilliyin bərpasından sonra ölkəmizdə müasir ordunun qurulması prosesinə başlanıldı:

“Bu çərçivədə ordunun döyüş hazırlığının yüksəldilməsi, hərbi təhsilin inkişafı və qoşunların müasir hərbi texnologiyalarla təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar ölkəmizdə mütəşəkkil, qüdrətli Silahlı Qüvvələrin formalaşmasına imkan verdi və onun gələcəkdə daha da güclənməsi üçün möhkəm zəmin hazırladı”.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə, Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olub:

“Sözügedən məktəbin fəaliyyəti ölkəmizdə hərbi peşəyə marağı gücləndirməklə yanaşı, xeyli sayda azərbaycanlı zabitin hazırlanmasında mühüm rol oynadı. 1994-cü il mayın 12-də imzalanan atəşkəs müqaviləsindən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyaraq daha da sürətləndi. Görülən məqsədyönlü tədbirlər sayəsində Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəldilməsi prioritet istiqamətə çevrildi. 22 may 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanan fərmana əsasən, 26 iyun rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib”. 

Parlamentarinin fikrincə, Ulu Öndərin ordu quruculuğu xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı sayəsində ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi hər zaman prioritet təşkil edib.

“Həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Dövlətimiz yerli zavodlarda istehsal etdiyi hərbi təyinatlı məhsullarla, ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir”.

P.Vəliyeva vurğulayıb ki, yaxın tarixin ən mühüm səhifələrindən biri olan Aprel döyüşləri zamanı Azərbaycan Ordusu Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alıb:

“Sürətli əks-hücum əməliyyatı sayəsində Füzuli, Cəbrayıl və Tərtər istiqamətlərində 2000 hektardan artıq ərazi işğaldan azad edildi. Bundan sonra Ali Baş Komandan 27 sentyabr 2020-ci tarixdə əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində xeyli sayda şəhər, qəsəbə və kəndi işğaldan azad etdi. Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Ordumuzun döyüş hazırlığı, peşəkarlığı və müasir hərbi texnika ilə təminatı dövlətimizin müdafiə qüdrətinin əsas göstəricilərindəndir”.