Politoloq Qlobal Forumun əhəmiyyətini açıqladı
“Azərbaycan sözlə yox, əməli fəaliyyəti ilə dünyada nüfuz qazanır”
Müasir dövrdə beynəlxalq əməkdaşlıq və dialoq qlobal problemlərin həllində mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər və forumlar müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.
Bu kontekstdə Bakıda keçirilən XIII Bakı Qlobal Forumu da aktual beynəlxalq məsələlərin müzakirə olunduğu mühüm platformalardan biridir. Forum çərçivəsində qlobal təhlükəsizlik, sülh, iqlim dəyişiklikləri və beynəlxalq əməkdaşlıq kimi mövzular ətrafında müzakirələr aparılır.
Politoloq Tofiq Abbasov Sherg.az-a bu forumun Azərbaycanın çox böyük dəstək verdiyi format olduğunu söyləyib: 
"Faktiki olaraq biz bu qlobal forumun ayrılmaz iştirakçısıyıq. Azərbaycanın vasitəsilə bu çərçivədə çox böyük təşəbbüslər, yeni baxışlar və yeni ideyalar həyata keçirilib.
Azərbaycan dünyada həm öz xarici siyasətində, həm də daxili siyasətində həmişə dialoq məfkurəsinə üstünlük verən dövlətdir.
Yada salsaq ki, məşhur Bakı Prosesi var. Azərbaycan sivilizasiyalararası dialoqun həmişə fəal iştirakçısı olub və bir neçə dəfə BMT xətti ilə panellər, tədbirlər burada keçirilib. Bu ondan xəbər verir ki, Azərbaycan dövlətinin siyasətində inteqrasiya məsələlərinə, dialoqun inkişafına, sülh prosesinin güclənməsinə, eləcə də humanitar qanunvericiliyin möhkəmləndirilməsinə çox böyük diqqət ayrılır. Bu baxımdan Azərbaycan beynəlxalq aləmdə öz kommunikativ imkanları, genişlənən əlaqələri və bu imkanların şaxələnməsi ilə məşhurluq qazanır.
Təbii ki, burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun fəaliyyəti və birinci vitse-prezident Mehriban Əliyevanın böyük rolu var. Bu xadimlər və Azərbaycanın ictimai qüvvələri, QHT Şurası və digər institutlarımız bu proseslərə cəlb olunublar. Həqiqətən də biz müstəqilliyimizi bərpa etdikdən dərhal sonra dünyada bu qəbildən olan hərəkatlara, müxtəlif formatlara qoşulduq və uğurla əməkdaşlığımızı davam etdiririk".
Analitik Qlobal formun Bakıda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb:
"İlk növbədə bu bizə ona görə lazım idi ki, Azərbaycan dünya sisteminin inteqrasiya proqramında dinamik mövqedə olsun. Digər tərəfdən isə bölgəmizdə gedən proseslərlə bağlı dünya birliyinin aparıcı qüvvələri məlumatlı olsunlar.
Qarabağ problemimiz var idi. Bununla bağlı bizə çox böyük zərbələr vurulurdu, düşmənlər və bədxah qüvvələr müxtəlif təzyiqlər göstərirdilər. Lakin biz onların qarşısını alırdıq və əks-hücum istiqamətində müəyyən irəliləyişlər əldə edirdik.
Ona görə də Qlobal Forumun Bakıda keçirilməsi təsadüfi deyil. Bunun artıq formalaşmış ənənələri var. Bu ənənələrdən biri də ondan ibarətdir ki, Azərbaycan dövlətinin xeyirxah və sülhpərvər siyasəti xaricdə tanınır və ona böyük diqqət yetirilir. Təsadüfi deyil ki, dostlarımızın sırasında dünyada məşhurluq qazanmış Nobel mükafatı laureatları var. Həmçinin keçmiş dövlət və hökumət başçıları, məşhur ictimai-siyasi xadimlər kimi aparıcı şəxslər də bu sıradadır. Onlar müxtəlif ölkələrdəndirlər- Amerika Birləşmiş Ştatlarından tutmuş Avropa ölkələrinə, Asiya və Afrika ölkələrinə qədər. Onlar çox yaxşı anlayırlar ki, Azərbaycan yalnız sözlə deyil, əməli fəaliyyəti ilə də fəaldır. Bizim sözümüzlə əməlimiz üst-üstə düşür".
Ekapert forumun əsas qayəsinin gündəmdə olan iqlim məsələlərinin həllinə töhfə vermək olduğunu deyib:
"COP29 keçirilən zaman biz gördük ki, Azərbaycanın fəallığına necə böyük qiymət verildi. Digər tərəfdən COP29 iqlim gündəliyi ilə bağlı çox böyük irəliləyişlər əldə etdi. Sıxıntı yaşayan ölkələrə maliyyə dəstəyinin verilməsi məsələsi də burada uğurla həyata keçirildi.
Dənizaşırı dövlətlərin- on ölkənin sammiti keçirildi. Bu da ilk dəfə təşkil edilən tədbir idi. Öz orijinallığı və qeyri-standart formatı ilə diqqət çəkən tədbir oldu. Rəsmi Bakı həmin dənizaşırı ölkələrin xalqları ilə bağlı problemləri dünya ictimaiyyətinə çatdırdı. Bakı platformasından COP29 zamanı çox güclü səslər eşidildi, kiçik xalqların nümayəndələri də dünyaya öz mesajlarını çatdırdılar".
Müsahibimiz bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti dünyada sülhpərvər siyasətin tərəfdarı və təbliğatçısıdır:
"Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra biz dərhal sülh prosesinin qurulmasına təşəbbüs göstərdik və gündəliyi də özümüz formalaşdırdıq.
Bu isə humanitar dəyərlərin genişlənməsi, humanitar məsələlərin uğurlu həlli, mübahisəli məsələlər ətrafında danışıqların aparılması və Azərbaycanın vasitəçilik fəaliyyətinin güclənməsi deməkdir. Bütün bunlar göstərir ki, bizim milli diplomatiyamız və xalq diplomatiyamız ahəngdar şəkildə fəaliyyət göstərir.
Beləliklə, biz dünya birliyinə həm vacib məsələlər çatdırırıq, həm də konstruktiv təkliflər irəli sürürük. Bu, çox vacib göstəricidir. Xüsusilə nəzərə alsaq ki, ətrafımızda çox sayda qanlı müharibələr gedir- istər Ukraynada, istər Yaxın Şərqdə və digər qaynar nöqtələrdə.
Bu proseslər fonunda Azərbaycanın müəyyən təcrübəsi və hazırlığı var. Biz çalışırıq ki, gərginliklər azalsın və alternativ mexanizmlər işə düşsün. Beləliklə, insanlar problemləri güc vasitəsi ilə deyil, “yumşaq güc” vasitəsilə həll edə bilsinlər".