“Azərbaycan üçün əsas hədəf Almaniya pulu deyil, Almaniya texnologiyasıdır” - Eldəniz Əmirov

  • “Almaniyanın texnoloji potensialı Azərbaycanın inkişaf prioritetləri ilə üst-üstə düşür”

“Prezident İlham Əliyevin Almaniyaya səfərinin əsas nəticələrindən biri "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması olub. Bu sənəd Azərbaycan-Almaniya əməkdaşlığı yeni mərhələyə daxil olması kimi də qəbul edilə bilər”.

Sherg.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib. 

Iqtisadçının fikrincə söhbət artıq yalnız enerji sahəsindən getmir. O qeyd edib ki, Bəyannamədə ticarət, investisiyalar, yaşıl enerji, hidrogen, nəqliyyat və infrastruktur, müdafiə sənayesi, elm, texnologiya, innovasiya, rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi, təhsil və birgə tədqiqat layihələri əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib: “Xüsusilə diqqət çəkən məqamlardan biri müdafiə sənayesində əməkdaşlığın ayrıca bənd kimi sənədə daxil edilməsidir. Eyni zamanda, sənaye modernləşdirilməsi, rəqəmsal transformasiya və inkişaf edən texnologiyalar üzrə əməkaşlığın nəzərdə tutulması Almaniyanın texnoloji potensialı ilə Azərbaycanın inkişaf prioritetlərinin üst-üstə düşdüyünü göstərir. İqtisadi baxımdan bu kifayət qədər əhəmiyyətli mesajdır. Azərbaycan üçün əsas hədəf Almaniya kapitalının həcmini artırmaqdan daha çox, alman texnologiyalarını, sənaye təcrübəsini, innovativ istehsal modellərini və yüksək əlavə dəyər yaradan investisiyaları ölkəyə cəlb etməkdir. Bu istiqamətdə atılacaq addımlar qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə uzunmüddətli töhfə verə bilər”.

E. Əmirovun sözlərinə görə, Bəyannamədə diqqət çəkən başqa bir məqam da əməkdaşlığın uzunmüddətli strateji məzmun daşımasıdır: “Bu, təsadüfi deyil. Almaniya iqtisadiyyatı son illərdə həm sənaye rəqabət qabiliyyətinin qorunması, həm ixtisaslı işçi qüvvəsi çatışmazlığı, həm də yeni investisiya və istehsal platformalarının formalaşdırılması kimi çağırışlarla üz-üzədir. Digər tərəfdən, Angela Merkel dövründə Rusiyaya əsas enerji resursu mənbəyi kimi yanaşılması və etibarlı tərəfdaş amilinin kifayət qədər nəzərə alınmaması sonradan Almaniya üçün ciddi problemlər yaratdı. Xüsusilə "Şimal axını" layihələri ətrafında yaşanan proseslər (partlayış, yarımçıqlıq) Almaniyanın iqtisadi və enerji siyasətində yeni yanaşmanın formalaşmasına səbəb oldu. Bu gün Almaniya resurslara malik ölkələrlə yanaşı, etibarlı, sabit və uzunmüddətli tərəfdaşlarla əməkdaşlığa daha çox önəm verir. Hesab edirəm ki, Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir”.