Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY

  • Mehriban xanım strateji hədəfləri daha konkret prinsiplərlə müəyyənləşdirdi
  • Bütün müraciətlər rəqəmsal mühitə keçir, vətəndaşlar dövlət xidmətlərini bir toxunuşla əldə edəcək

Bu gün bəşəriyyət rəqəmsal sürətin və texnoloji innovasiyaların idarə etdiyi yeni epoxanın astanasındadır. Azərbaycan da digər ölkələr kimi bütün sahələrdə rəqəmsallaşmanın inteqrasiyasını sürətləndirməyi hədəfləyib. Prezident İlham Əliyevin 27 fevral tarixində imzaladığı Sərəncama əsasən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi.

Planın praktiki icrası və qarşıya qoyulan hədəflər isə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müzakirə olunub. M.Əliyeva bildirib ki, əsas məqsəd Azərbaycanın rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevrilməsini təmin etməkdir. Rəqəmsal transformasiya prosesi dövlət idarəçiliyi və təhsil sahələri də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edəcək. Diqqətçəkən əsas məqamlardan biri də dövlət idarəçiliyində “kağızsız hökumət” modelinə keçidin prioritet istiqamət kimi müəyyən edilməsidir.

Bəs bu mexanizm necə və hansı istiqamətlər üzrə həyata keçiriləcək?

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Birinci vitse-prezidentin rəhbərliyi altına baş tutan iclasda, Azərbaycanın idarəetmə modelinin formalaşdırılması istiqamətində yeni mərhələnin əsasları müəyyən edilib:

“Toplantıda, Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, eləcə də dövlət xidmətlərinin vətəndaşlar üçün daha çevik, şəffaf və səmərəli təşkili istiqamətində mühüm məsələlər müzakirə olundu. Rəqəmsal idarəetmə, dövlət institutunun inkişafının yeni keyfiyyət mərhələsi kimi qiymətləndirilməlidir. Çünki müasir texnologiyalar idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına, süni intellektin tətbiqi isə qısa müddətdə daha çevik, düzgün və əsaslandırılmış qərarların qəbul edilməsinə geniş imkanlar yaradacaq".

Deputat bildirib ki, əslində Azərbaycanda qərarların vaxtında və operativ qəbul edilməsini təmin etmək məqsədilə uzun müddətdir ki, kağız əsaslı bürokratik idarəetmə modelindən uzaqlaşma prosesi həyata keçirilir:

“Mehriban xanım isə bu məsələdə strateji hədəfləri daha konkret prinsiplərlə müəyyənləşdirdi. 2028-ci ilə qədər dövlət idarəetmə aparatında “kağızsız hökumət” modelinə keçməsinin zəruriliyini önə çəkdi. Bu islahat həm qurumlararası idarəetmə mexanizmlərini, həm də xalq-hökumət dialoqunun dinamikasını kökündən dəyişərək, tərəflər arasındakı interaktiv əlaqənin sürətlənməsinə xidmət edəcək. Başqa sözlə desək, hər bir vətəndaş məkandan asılı olmayaraq, əlindəki mobil və ya elektron cihaz vasitəsilə dövlət qurumlarına birtoxunuşla müraciət etmək və eyni operativliklə rəsmi cavab almaq imkanı qazanacaq”.