Üzeyir Cəfərov: "Bu uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin olunması məqsədi daşıyır"
Gecə saatlarında Bakı səmasında dron səslərinin eşidilməsi müzakirələrə səbəb olmaqla yanaşı, narahatlıqla qarşılanıb.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən bildirilib ki, narahatlığa heç bir əsas yoxdur. MN-dən hadisə ilə bağlı başqa şərh bildirilməyib.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Sherg.az”a açıqlamasında bildirib ki, Bakı səmasında müşahidə olunan dronlar Azərbaycana məxsusdur və bu uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Onun sözlərinə görə, bu cür uçuşlar əvvəllər də həyata keçirilib və qeyri-adi hal sayılmamalıdır:
“Vətəndaşlar rəsmi qurumların açıqlamalarına etimad göstərməli və hörmət etməlidir. Müdafiə Nazirliyi adətən keçirilən təlimlər barədə ictimaiyyətə məlumat verir və bu proseslərin yalnız gündüz saatlarında baş verməsi ilə bağlı hər hansı qayda yoxdur. Zərurət yarandıqda, hava məkanına nəzarət məqsədilə müşahidə PUA-larının gecə saatlarında səmaya qaldırılması tam normal haldır. Zərurət yaranıb ki, nazirlik məşqlərə başlayıb”.
Ü. Cəfərov əlavə edib ki, regionda mövcud olan gərgin fon nəzərə alınaraq, Müdafiə Nazirliyinin bu cür tədbirlər görməsi təbii qarşılanmalıdır və məsələyə əsassız yanaşmalarla fərqli məna yükləmək düzgün deyil:
“Sosial şəbəkələr bu cür hadisələrə münasibətdə nəzarətdən çıxır. Bəzi insanlar rəsmi məlumatlara baxmayaraq, hadisələri şəxsi təxəyyüllərinə uyğun şərh edir və müxtəlif fərziyyələr irəli sürürlər. Əgər dronlar ölkənin cənub istiqamətində, İran sərhədinə yaxın ərazilərdə müşahidə olunsaydı, müəyyən ehtimallar irəli sürmək mümkün olardı. Lakin uçuşların Bakı kəndləri və dəniz sahili ərazilərində qeydə alınması panikaya əsas vermir və vəziyyətə sakit yanaşmaq lazımdır”.