“Bəzi dairələr Azərbaycanı müharibəyə çəkmək istəyir” - Reza Talebi

“PUA hücumlarının arxasında ideoloji qruplar ola bilər”

 “Məqsəd ABŞ-ı və digər qüvvələri bölgəyə cəlb etməkdir”

“PUA hücumları başqa ölkə tərəfindən deyil, İran ordusunun vasitələridir” 

Regionda baş verən hadisələr və xüsusilə İran ətrafında formalaşan gərginlik bir çox suallar doğurur. Müxtəlif ölkələrin təhlükəsizlik maraqları və geosiyasi rəqabət fonunda baş verən proseslər bəzən aydın görünməyən və fərqli izah edilə bilən hadisələrlə müşayiət olunur. Bu hadisələrin bir qismi rəsmi açıqlamalarla izah edilsə də, bəzi məqamlar hələ də müzakirə və fərqli təhlillər üçün açıq qalır.

İran dünən Türkiyəyə, bu gün isə Azərbaycana təxribat xarakterli hücum etdi. Açıq-aydın İran hücum etsə də, sonradan bu informasiyanı təkzib etdi. İranın ona sərhəd və siyasi münasibətlərdə yaxın olan iki ölkəyə hücum etməsinin səbəbi isə sual altındadır. 

İranlı jurnalist Reza Talebi Sherg.az-a İranən hücumları ilə bağlı danışıb:

"Mənim üçün də bu çox qəribə bir məsələdir. İndiki vəziyyətdə baş verənlər çox da məntiqli görünmür. Ərəb ölkələrində baş verən məsələləri müəyyən qədər anlamaq olar. Orada Amerika radarları, neft və enerji maraqları var. Üstəlik onlarla quru sərhət də yoxdur. Amma Türkiyə məsələsinə baxanda görürük ki, orada vəziyyət nəzarətli şəkildə həll olunub.

Türkiyə səmasındakı ballistik raket məsələsində Türkiyə hədəf deyildi. O raket daha çox Kipr istiqamətinə gedirmiş kimi görünürdü. Bu halda NATO-nun 4-cü və 5-ci maddələrinin gündəmə gəlməsi ehtimalı da ola bilərdi. Mən özüm də hərbi xidmətdə olmuşam, ona görə bu məsələlərə bir az fərqli baxıram.

O gedən “waypoint” də bunu göstərirdi. Əgər daha radikal yanaşsaq və məsələn Ceyhanın hədəf alınması ehtimalını düşünsək, bu daha məntiqli görünərdi. Hətta Azərbaycanda baş verən hadisələrə baxsaq Naxçıvan aeroportuna üç PUA hücumu oldu. Lakin PUA-ların enerji kanallarını hədəf alması daha məntiqli olardı". 

Jurnalist vurğulayıb ki, Xamenei öldükdən və SEPAH-da bəzi komandirlər aradan çıxdıqdan sonra İran ordusunda müəyyən bir çaşqınlıq yarandı:

"Bu çaşqınlıq təkcə SEPAH-da yox, ordunun özündə də ola bilər. Çünki istifadə olunan PUA-lar məsələn “Arəş” tipli olanlar daha çox ordunun istifadə etdiyi vasitələrdir. İraqdakı Kürdüstan bölgəsində həyata keçirilən hücumlarda da məhz bunlardan istifadə olunmuşdu.

Bəzi insanlar var ki, “axır zaman”, "Armagedon" kimi düşüncələrə inanırlar. Belə ideoloji qruplar bəzən özbaşına addımlar ata bilərlər. İran isə bunu rəsmi şəkildə təkzib edir və belə bir şeyin olmadığını deyir.

Yuxarı səviyyədə baxanda nə Azərbaycan, nə də Türkiyə bu işi birbaşa idarə edən tərəf kimi görünür. Amma aşağı səviyyədə- komandanlıq və əmr-komanda zəncirinin qırıldığı yerlərdə ideoloji qruplar ola bilər ki, məqsədli şəkildə belə addımlar atsınlar. Məqsəd Azərbaycanla Türkiyəni bu məsələyə çəkməkdir. Digər tərəfdən, İranın PUA və balistik raket imkanları zəiflədikcə bəzi qruplar qarışıqlıq yaratmaq yolu ilə vəziyyəti böyütmək istəyə bilər. Məqsəd o ola bilər ki, ABŞ və ya başqa qüvvələr bölgəyə daxil olsun, münaqişə genişlənsin və müharibənin xərcləri daha da artsın. Mövcud əlamətlər daha çox ideoloji motivli qrupların təsiri ehtimalını göstərir. Bir tərəfdən də Azərbaycanın məsələyə daxil olması ehtimalı düşünülə bilər". 

Reza Talebi bildirib ki, İranda bəzi dairələr- xüsusilə SEPAH ətrafında və ya orduda olan bəzi qruplar Azərbaycanın müdaxiləsini istəyə bilərlər:

"Onlar bunu belə bir yolla edə bilərlər: əvvəlcə hücum baş versin, sonra Azərbaycan müdaxilə etmək məcburiyyətində qalsın. Çünki gələcəkdə İranda baş verə biləcək problemlər fonunda-məsələn İraqda olduğu kimi müxtəlif qrupların, o cümlədən kürd qruplarının prosesə daxil olması ehtimalı var. Bu vəziyyətdə Cənubi Azərbaycan məsələsini Azərbaycana həvalə edib, müəyyən bir giriş legitimliyi qazandırmaq istəyən qüvvələr də ola bilər. İstənilir ki, gələcəkdə “İranda vətəndaş müharibəsi gedir və Azərbaycan tərəf tutur” kimi bir vəziyyət yaranmasın.

Hər halda prezident İlham Əliyev açıq şəkildə dedi ki, biz nə indi, nə də sonra belə bir müharibəyə qarışmayacağıq. Amma mövcud gedişat göstərir ki, İrandakı proseslər- xüsusilə İran-Azərbaycan münasibətlərinin gərginliyi Türkiyənin və ya Azərbaycanın istəsə də, istəməsə də prosesə cəlb olunması ehtimalını yarada bilər".

Müsahibimiz bəzi qrupların məhz Azərbaycan və Türkiyənin müdaxiləsini istədiyini qeyd edib:

"Bu qruplar həm xarici qüvvələr, həm də İranın daxilində fəaliyyət göstərən müxtəlif qruplar ola bilər.

Bir ara düşünürdüm ki, bəlkə İranın dediyi kimi, ölkə daxilində İsrailin PUA-ları fəaliyyət göstərir. 12 günlük müharibədə bunun əlamətləri görünürdü. Amma indi görünən PUA-lar daha çox İran ordusunun istifadə etdiyi vasitələrdir. Yəni bu hadisənin başqa bir ölkənin həyata keçirdiyi ehtimalı o qədər də güclü görünmür".