BMT: ABŞ İranda məktəbə zərbə nəticəsində 165 uşağın ölümü ilə bağlı məlumatları araşdırır

ABŞ İranın Minab şəhərində ibtidai məktəbə endirilən zərbə nəticəsində onlarla uşağın həlak olması ilə bağlı yayılan məlumatları araşdırmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Rosemary DiCarlo Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: münaqişə şəraitində uşaqlar, texnologiya və təhsil” mövzusunda keçirilən iclasında bildirib.

“İrandan Minab şəhərində ibtidai məktəbə endirilən zərbə nəticəsində, ehtimal ki, onlarla uşağın həlak olması barədə məlumatlar almışıq. ABŞ hakimiyyəti bu xəbərləri araşdırdığını açıqlayıb”, - DiKarlo Şura üzvlərinə deyib.

Fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin ölkənin cənubunda yerləşən Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini bəyan edib.

Son məlumata görə, hücum nəticəsində 165 nəfər həlak olub. Ölənlərin əksəriyyətinin şagirdlər, eləcə də valideynlər və müəllimlər olduğu bildirilir. Daha 95 nəfər yaralanıb.