Böyük Britaniya özünü regionda sülhün tərəfdarı kimi aparır
Ancaq heç də Qarabağdakı separatist rejimə dəstək baxımından passiv aktor olmayıb
"Erməni lobbisi Azərbaycanla bağlı böhtan və yalanları çox güclü kapmaniya şəklində tirajlamağa çalışır".
Bu sözləri "Şərq"ə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Ekspert bildirib ki, erməni lobbisinin əsas faaliyyət istiqamətlərindən biri müxtəlif ölkələrin parlamentariləri ilə sıx təmasların qurulmasıdır:
"Bu baxımdan ABŞ-də Amerika Erməniləri Milli Komitəsi (ANCA) öncüllük təşkil edir. ANCA, demək olar ki, ABŞ-nin əksər konqresmen və senatorlarını öz “əlaltı”sına çevirib. Avropada isə ANCA-nın yolunu əsasən Birləşmiş Krallığın Erməni Milli Komitəsi davam etdirir. Bu təşkilat da ingilis deputatlarla fəal şəkildə iş aparır. Onlar ermənipərəst deputatların dəstək çıxışlarını sosial şəbəkələrdə davamlı olaraq geniş şəkildə paylaşım edirlər. İngiltərədəki erməni lobbisinin əksər tədbirlərində yerli parlamentarilər iştirak edirlər. Erməni lobbisi Laçın-Xankəndi yolunun sonunda Azərbaycanın QHT nümayəndələri və ekofəallarının 138 gün keçirdiyi dinc aksiya ilə bağlı dezinformasiya yaymaqda davam edirdilər. İndi isə aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasını erməni lobbisi xüsusən müxtəlif ölkələrin parlamentlərində gündəmə gətirməyə çalışırlar. Bu kimi fəaliyyət Birləşmiş Krallığın Erməni Milli Komitəsi tərəfindən də aktiv şəkildə həyata keçirilir. İngiltərədəki ermənilər “Deputatınıza yazın” kampaniyası çərçivəsində yerli deputatlara guya “Azərbaycanın Ermənistan Respublikasına hərbi müdaxiləsi barədə xəbərdar etmək üçün” məktublar yazıblar. Birləşmiş Krallığın Erməni Milli Komitəsinin bu məktub kampaniyası ingilis deputatlara təsirsiz ötüşməyib. Bunun nəticəsi olaraq Böyük Britaniya Parlamentinin İcmalar Palatasında “Laçın dəhlizi və Dağlıq Qarabağ” mövzusunda bir neçə dəfə debatlar keçirilib. Yeri gəlmişkən, Böyük Britaniya parlamentində Ermənistanla dostluq qrupunun sədri hakim Mühafizəkarlar Partiyasının üzvü Tim Louqtondur. Tim Louqtonun parlamentdə belə müzakirələrdə əksər çıxışlarını Azərbaycanın əlyehinə ittihamlar və Ermənitsanın təbliğatı üzərində qurur".
F.Hüseynzadə bəyan edib ki, ümumiyyətlə, Böyük Britaniya hökuməti regionda sabitliyin və sülhün yaradılmasının tərəfdarı olduğunu rəsmən bəyan etəsə də, heç də Qarabağdakı separatist rejimə dəstək baxımından passiv aktor olmayıb: "Britaniya rəsmiləri vəziyyəti təkcə müşahidə etməklə kifayətlənməyib, bu istiqamətdə ciddi şəkildə məşğul olaraq fəaliyyət göstərirlər. Məsələn, hələ Vətən müharibəsindən sonra Böyük Britaniya tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə məhz Qarabağda “iş aparmaq” üçün 1 milyon funt-sterlinq humanitar yardım göstərilib. Bu ilin əvvəlində isə Böyük Britaniyanın əsas donoru olduğu çoxsaylı QHT-dən ibarət İngiltərə xeyriyyə təşkilatı Start Netvork tərəfindən idarə olunan Start Fondu, guya, Laçın dəhlizinin bağlanmasından zərər çəkənlərə dəstək olmaq üçün 350.000 funt-sterlinq ayırıb. Böyük Britaniya rəsmiləri vəziyyətin monitorinqini davam etdirərək əlavə humanitar yardımlar cəlb edirlər".