Cənubi Qafqaz Avropa İttifaqına hava və su qədər vacibdir - ŞƏRH

  • "Çünki əldən çıxan şans və imkanlar Avropanı daha qaranlıq gələcəyə apara bilər”

Azərbaycan enerji və iqtisadi imkanları sayəsində Avropa İttifaqı ilə münasibətlərini Cənubi Qafqazın ən etibarlı strateji tərəfdaşlıq modelinə çevirib. Tərəflər arasında enerji sahəsində əməkdaşlığın təməli 2022-ci ildə imzalanan “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında qoyulub.

Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iyulun 1-də Prezident İlham Əliyevlə baş tutan görüşündə, əsas fikir mübadiləsi məhz enerji tərəfdaşlığı üzərində dayanıb. Dövlət başçısı, artıq Avropa İttifaqına üzv olan 10 ölkənin Azərbaycandan təbii qaz əldə etdiyini diqqətə çatdırıb. Lyayen isə Avropanın çətin dövründə, enerji təhlükəsizliyinin təmin olunmasında Bakının oynadığı mühüm rolu qeyd edib. O, həmçinin Aİ-nin Cənubi Qafqazda həyata keçirilən layihələr üçün 200 milyon avroyadək qrant ayıracağını vurğulayıb.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Avropa İttifaqı üçün Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirmək hava və su qədər çox vacibdir:

“Aİ, bunun sayəsində təhlükəsizliyini təmin eləməyə çalışır. Şübhəsiz ki, söhbət enerji təhlükəsizliyindən gedir. Bu da biləvasitə Azərbaycanın imkanlarına bağlıdır. 2020-ci ildə istifadəyə verilən Cənub Qaz Dəhlizi hazırda Azərbaycan qazının Avropaya ixracında əsas marşrut hesab olunur. Azərbaycan qazını Avropa bazarına daşıyan Cənub Qaz Dəhlizi, ölkənin enerji gəlirlərinin artırılması ilə yanaşı, regional təhlükəsizliyin əsas qarantına çevrilib”. 

Ekspertin sözlərinə görə, Avropa İttifaqı Ukrayna müharibəsi başlamadan öncə, təbii qazın ən böyük hissəsini Rusiyadan alırdı. 

“Qlobal enerji nəhəngi Rusiya indi özünü belə neft və benzinlə təmin etməkdə çətinlik çəkir. Məhz buna görə Aİ, alternativ yollar axtarmağa başlayıb. Həmin yollar da Azərbayacana çıxır. Aİ-nin 10 dövlətinə uzanan qaz arteriyaları, Bakını Cənubi Qafqazın geosiyasi enerji memarına çevirir. Aİ, Rusiya-Ukrayna münaqişəsi şiddətləndikcə, Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı gücləndirməyə çalışır. Çünki əldən çıxan şans və imkanlar Avropanı daha qaranlıq gələcəyə apara bilər”.