Cənubi Qafqazda uzunmüddətli sülh mümkündür: Əliyev-Koşta görüşündən mesajlar

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın səfəri başa çatıb. Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşü keçirilib. 

Daha sonra Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatlarla çıxış ediblər. 

Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin son illərdə uğurla inkişaf etdiyini, dialoqun fəal şəkildə davam etdiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, əməkdaşlıq iqtisadi, ticarət, enerji və digər sahələri əhatə edir, yeni layihələr və investisiya imkanları artırılır. Əliyev həmçinin Aİ-nin Azərbaycan üçün əsas ticarət tərəfdaşı olduğunu bildirib.

Prezident İlham Əliyev Ermənistanla sülh prosesinin irəliləyişindən danışaraq, ticarət əlaqələrinin bərpa olunduğunu və bölgədə sülhün davam edəcəyinə əminliyini ifadə edib.

Antonio Koşta isə bəyanatında Aİ və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini, enerji, təhlükəsizlik, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın İrandan vətəndaşların təhlükəsiz təxliyəsi üçün göstərdiyi dəstəyə təşəkkür etmiş və regionda sülhün qorunmasının vacibliyini qeyd edib. Koşta həmçinin 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyi zirvə toplantısının keçiriləcəyini vurğulayıb.

Hər iki lider birgə əməkdaşlığın genişləndirilməsi və bölgədə sülhün möhkəmləndirilməsi istiqamətində vacib addımların atılacağını bəyan edib.

Aİ Prezidentinin Bakıya ilk səfərini şərh edən Milli Məclisin deputatı Nigar Məmmədova “Sherg.az”a açıqlamasında Azərbaycan–Avropa İttifaqı münasibətlərinin geosiyasi tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə daxil olur:

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşdə səslənən bəyanatlar həm ikitərəfli əlaqələrin inkişafı baxımından, həm də regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir.

Görüş zamanı verilən əsas mesajlardan biri Azərbaycanla İttifaq arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı oldu. Tərəflər təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar. Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, bu gün Azərbaycandan qaz alan ölkələrin ümumi sayı 16-ya çatıb. Beləliklə, rəsmi Bakının bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığı rol artır. Brüssel Azərbaycanı həm enerji təchizatçısı, həm də regionda sabitliyin təmin edilməsində mühüm tərəfdaş kimi qiymətləndirir.

Liderlərin səsləndirdiyi bəyanatlar Avropa İttifaqının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini təsdiqləyir.

Qlobal geosiyasi gərginlik Avropanın enerji və nəqliyyat marşrutlarını şaxələndirməsini şərtləndirir. Bu strategiyada Azərbaycan ən etibarlı tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevlə A. Koşta arasında keçirilən görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulanıb. Hazırda Azərbaycan qazı Avropanın bir sıra ölkələrinə ixrac olunur və bu əməkdaşlıq genişlənməkdədir. Bu xüsusda Avropa üçün etibarlı enerji tərəfdaşı olan Azərbaycanın beynəlxalq mövqeləri daha güclənir”.

Deputat əlavə edib ki, görüşdə verilən mühüm mesajlardan biri də regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı olub:

“Prezident İlham Əliyev müharibə yaşamış ölkələrin sülhün dəyərini daha yaxşı anladığını vurğulayaraq Cənubi Qafqazda uzunmüddətli sülhün vacibliyini qeyd etdi. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan post-münaqişə mərhələsində regional əməkdaşlığa hazırdır və bu istiqamətdə praktik addımlar atır. A. Koştanın səsləndirdiyi fikirlərdən isə aydın oldu ki, Avropa İttifaqı da regionda sülh prosesinə maraq göstərir və bu prosesdə iştirak etmək niyyətindədir. Liderlər sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqlədilər. A. Koştanın ölkəmizə səfəri bir daha göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq sırf iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq geosiyasi tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat layihələri bu əməkdaşlığın əsas prioritetləridir. Rəsmi Bakı münasibətləri qarşılıqlı hörmət prinsipi üzərində qurub. Bakıda aparılan yüksək səviyyəli müzakirələr Azərbaycanın beynəlxalq arenada artan siyasi çəkisini və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətinin daha da gücləndiyini nümayiş etdirir”.