Publisistika tariximiz fundamental araşdırma formatında

Cahangir Məmmədli,

Filologiya elmləri doktoru, 

professor

Azərbaycan mətbuatı milli tariximizin bütün istiqamətlərini özündə əks etdirən mükəmməl bir arxiv mənbəyi kimi öz qiymətini saxlamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 25-də imzaladığı "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı ilə başlanan intensiv tədqiqatlar bir daha sübut etməkdədir ki,“... cəmi iki il fəaliyyət göstərən "Əkinçi" qəzetimaarifçilik ideyalarının carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir”.

Prezident bu fikirlərin davamı olaraq Sərəncamda xüsusi qeyd edir:

"Əkinçi"dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışdır".

Mətbuatımızın tarixinə və bugünkü fəaliyyətinə Prezidentin verdiyi qiymət bu sahədəki tədqiqatçılarımızın daha fəal olmasına çağırış kimi qəbul edildi. İndiyə qədər milli mətbuat tariximizin öyrənilməsinə və tədqiqinə çoxsaylı elmi əsərlər həsr etmiş Azərbaycan Milli Elmlər Akademiyası, xüsusilə burada fəaliyyət göstərən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi yeni və daha aktual tədqiqat əsərlərinə imza atmaqda davam edir. Akademiyanın Prezidenti akademik İsa Həbibbəyli özünün də çoxşaxəli yaradıcılıq fəaliyyətində olduğu kimi, milli mətbuatımızın ətrafında tədqiqatlara xüsusi şərait yaratmış və elmi əməkdaşların məhsuldar tədqiqatlarına nail olmuşdur. Bu məhsuldar tədqiqatçılar arasında Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Gülbəniz Babayevanın əsərləri xüsusi yer tutur. Alimin bütün elmi fəaliyyətinə yüksək qiymət verən akademik İsa Həbibbəyli Gülbəniz xanımın "Molla Nəsrəddin" jurnalı və milli ədəbi dəyərlər" kitabına özünün giriş sözündə yazır: “Tədqiqat prosesində təhlilləri və qiymətləndirmələrində azərbaycançılıq mövqeyindən çıxış etməsi, milli-mənəvi dəyərləri ön mövqeyə çəkməsi Gülbəniz Babayevaya mollanəsrəddinşünaslığın yeni dövrünün elmi sözünü demək üçün münasib şərait yaradır". Bəli, bu "münasib şərait" Gülbəniz xanım üçün o qədər dəyərli oldu ki, alim bir daha yeni və daha aktual tədqiqatlara imza atdı. Onun bu aktual tədqiqatları sırasında yenicə çap olunmuş "Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875–2025)" adlı kitabı həm elmi ictimaiyyət tərəfindən, həm də geniş oxucu şəbəkəsi tərəfindən yüksək maraqla qarşılanmışdır. Gülbəniz Babayevanın tədqiqatları həmişə aktuallıq kəsb etdiyi kimi, bu əsəri də günün vacib hadisəsi formatında qiymətləndirilməlidir. Ən azı ona görə ki, bu kitab Prezidentimizin yuxarıda qeyd etdiyimiz Sərəncamındakı çağırışına cavab olaraq mətbuatımızın 150 illik yubileyinə həsr edilmişdir. Elə buna görə də kitabın ilk səhifələrində Prezidentin həmin Sərəncamı oxucuya bir daha təqdim olunmuşdur.

İlk növbədə qeyd edim ki, "Azərbaycan publisistikasının inkişaf mərhələləri" kitabı monoqrafiyadan daha çox bir dərslik səviyyəsindədir. Həm də təkcə Jurnalistika fakültəsinin yox, digər bir çox humanitar ixtisasların tələbələri üçün də maraqlı və gərəkli bir dərslik, dərs vəsaiti kimi istifadə oluna bilər. Ona görə ki, publisistika və onun nəzəri-tarixi inkişaf yolu çox aktual mövzudur. Əlbəttə, bu sahədə elmi ədəbiyyatın azlığından gileylənə də bilmərik. Amma adını misal çəkə biləcəyimiz həmin elmi əsərlər sırasında Gülbəniz xanımın kitabı ona görə daha obyektiv və aktualdır ki, bu kitab yeni müstəqillik çağımızın yaratdığı tarixə müstəqil baxışımızın imkanları kontekstindədir.Kitabın hər fəslində qaldırılan və həllini tapan mövzu ətrafında müəllif sovet ideoloji kanonları fonunda aparılmış tədqiqatlara yeni və obyektiv baxışı ilə diqqəti cəlb edir. Kitabın 24 səhifəlik giriş sözü ilə müəllif publisistikanın ictimai mühitdəki dinamik rolunu şərh edir və onun milli şüurun oyanması, milli azadlıq ideyalarının formalaşmasındakı əvəzolunmaz rolunu dəqiq elmi fikirlərlə oxucuya çatdırır. Xüsusi vurğulamaq lazımdır ki, müəllifin əsas hədəfi publisistika və müasirlik kimi vacib bir problemin elmi həllini ortaya qoymaqdır.

Bu məqsədlə müəllif publisistikanın 1875-ci ildən 2025-ci ilədək keçdiyi tarixi inkişaf yolunu 8 fəsildə araşdırmışdır. I fəsildə milli mətbuatın əsasının qoyulması və inkişafının ilk mərhələləri (1875–1900-cü illər), II fəsildə XX əsrin əvvəllərindəki (1900–1917) mətbuatımızda publisistikaya diqqətin artması və bunu şərtləndirən əsas faktlar, III fəsildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) bu müstəqil dövlətin mətbuata verdiyi söz və fikir azadlığı kontekstində yeni publisistikanın meydana çıxması, IV fəsildə publisistikanın ənənələrə söykənərək satirik peşəkarlığı artırması, V fəsildə sovet ideoloji sisteminin müstəqil publisistikaya mənfi təsiri (1920–1930-cu illər), VI fəsildə publisistikanın Böyük Vətən Müharibəsi dövründəki ön və arxa cəbhədəki geniş fəaliyyəti, VII fəsildə 1960–1990-cı illər publisistikasındakı yeni təmayüllər və nəhayət, VIII fəsildə yeni müstəqillik illərində publisistikada Qarabağ, I və IIVətən müharibəsi, 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad etmiş ordumuzun, bu orduya rəhbərlik edən Ali Baş Komandanın və bütövlükdə xalqımızın əvəzolunmaz qələbəsini prioritet mövzu kimi tarixə yazan publisistikamızın sənətkarlıq məsələləri özünün geniş əksini tapmışdır. Müəllif öz tədqiqatında birbaşa arxiv materiallarına istinad etməklə yanaşı, mətbuatımızın və xüsusilə publisistikanın araşdırılmasında böyük zəhməti olan tədqiqatçıların – Ə. Ağaoğlu, M. Rəsulzadə, Ə. Hüseynzadə, Ü. Hacıbəyli, C. Məmmədquluzadə kimi klassiklərin, M. Arif, M. Cəfər, Ə. Mirəhmədov, Ş. Hüseynov, A. Abbasov, F. Mehdi və başqa alimlərimizin əsərlərinə güvənmişdir.

Yuxarıda qeyd etdiyim səkkiz fəsildəki bütün bölmələrdə bu tədqiqatçıların publisistikamızın inkişafındakı misilsiz xidmətlərinə rast gəlirik. Bu bölmələr həm də kitabın tematika zənginliyinin göstəricisidir. Bu bölmələrin hər biri zamanın aktual mövzularının o dövrün publisistikasında necə əks olunduğunun elmi ifadəsidir. Bu elmi araşdırmalarda Gülbəniz Babayeva mətbuat tariximizin bəzi nümunələrinə obyektiv və qeyri-obyektiv, zamanın tələblərindən yanaşan tədqiqatlara öz münasibətini bildirir, bu nümunələrə ideoloji yanaşmalardan uzaq obyektiv baxış nümayiş etdirir. I fəslin “Milli mətbuatımızın ilk nəşrlərində publisistika” adlı II bölməsində XIX əsrin sonlarında nəşr edilmiş "Ziya" və "Ziyayi-Qafqaziyyə" kimi nəşrlər ətrafında biz kitab müəllifinin obyektivliyə münasibətinin aydın ifadəsini görürük.

Müəllifin tədqiqatlarında maraqlı elmi polemikasını biz ayrı-ayrı dövrlərin publisistikasının təhlillərinin hamısında görürük.Gülbəniz Babayevanın polemik düşüncələrində, cəmiyyəti düşündürən müxtəlif problemləri əks etdirən yazılarında, o cümlədən geniş siyasi, elmi, bədii publisistika formalarında qələmə aldığı monoqrafiya və məqalələrindəardıcıllıq, prinsipiallıq və obyektivlikdiqqəti cəlb edir. O,təhlil xarakterli yazılara üstünlük verir. 150 illik publisistikamızın hər hansı bir mərhələsindən və dövrün böyük publisistlərindən bəhs edirsə, o məqamda hadisələrə və şəxsiyyətlərə dövrün prizmasından yanaşır, faktlara, tarixi məxəzlərə istinad edərək inandırıcı nəticələrə gəlir, dərin təhlil və analizlər apararaq mövzu-problem seçimində həssaslıq və operativlik göstərir.

Azərbaycan publisistikasının inkişaf mərhələlərində xüsusi yer tutan 1918–1920-ci illər publisistikasını, sovet repressiyasının tüğyan etdiyi 1930-cu illərin azad sözə və onun ifadə obyekti olan mətbuata açıq təsirini müəllif tarixi hadisələr kontekstində təhlil etmişdir. Gülbəniz Babayeva öz araşdırmalarında saysız-hesabsız publisistika faktlarına söykənərək ən ağır ideoloji senzura illərindən tutmuş 1960–1980-ci illərin söz və mətbuat azadlığına nisbi imkanlar çağında publisistikanın siyasi xarakterdən çıxması və insanın mənəvi aləminə nüfuz etməsi, ideya və məzmun zənginliyinə nail olması prosesini tarix və müasirlik prizmasından təhlilə cəlb etmişdir.

1960–1980-ci illərdə publisistikamızın siyasi xarakterdən nisbi uzaqlaşması, hadisələrə obyektiv yanaşma meyllərinin artması, Azərbaycanın yeni müstəqillik dövrünə qədəm qoyması ilə azərbaycançılıq ideologiyasının güclənməsi, milli azadlığın müdafiəsi və əbədiliyi, Ermənistanın Azərbaycanın əzəli torpaqlarına iddiası, Qarabağı işğal etməsi, bu işğalçılığın ifşası, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbəsində publisistikamızın aparıcı mövqe qazanması kimi məsələlərin kitabda aydın ifadəsini görməkdəyik. 

Müəllifin tarixi hadisələrə, bu hadisələr kontekstində publisistikanın mövzu zənginliyinə xüsusi diqqəti bütün fəsillərdə özünü göstərir. Mən bu mənada kitabın VIII fəslinin "44 günlük Zəfər yürüşü və möhtəşəm qələbənin publisistikada təcəssümü" sərlövhəli sonuncu bölməsinə diqqət çəkmək istərdim. Bölmənin ilk sətirlərində ifadə olunan elmi ümumiləşmə: "Müstəqillik dövrü publisistikamızın zirvə nöqtəsini 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qəsbkar Ermənistan üzərində tarixi qələbəsinin çoxsaylı məqalələrdə inikası təşkil edir. Azərbaycan xalqının həmrəyliyi, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanımız, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin, taktiki və strateji hazırlığın nəticəsində 30 illik erməni işğalına son qoyuldu... Xalqla hakimiyyətin mənəvi birliyi heç vaxt 44 günlük müharibə dövründəki kimi ali mərtəbəyə yüksəlməmişdi". Və müəllif bu qələbəni özündə ifadə edən publisistik yazıları, monoqrafiya və topluları, onların müəlliflərini öz kitabında müasir oxucuya yenidən xatırladır.

"Azərbaycan publisistikasının inkişaf mərhələləri..." kitabına diqqətlə yanaşdıqda görürük ki, onun müəllifi Gülbəniz Babayeva bir filoloq alim kimi mətbuatımızın tarixini, bu tarix kontekstində publisistikanın nəzəri və praktik əsaslarını dərindən bilən və bu bilgidən gələn elmi yanaşmalarını oxucuya ürəklə təqdim edən bir tədqiqatçıdır.

Sonda bir daha Gülbəniz Babayevanın kitablarının elmi-ictimai mühitdə, o cümlədən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yüksək qiymətləndirildiyini xüsusi qeyd etmək istərdim. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Mətbuat tarixi və publisistika” şöbəsi ilə Jurnalistika fakültəsinin möhkəm yaradıcılıq əlaqələri çərçivəsində bu şöbənin rəhbəri Vüqar Əhməd, Abid Tahirli... kimi alimlər sırasında Gülbəniz xanımın özünün və əsərlərinin çox böyük rolu var. Gülbəniz Babayevanın mətbuat tariximizlə bağlı əsərləri tələbələrimizin stolüstü kitabları sırasındadır. Onun “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875–2025)” adlı yeni kitabı bu əlaqələrin daha da genişlənməsinə xidmət edir.