Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bildirib ki, ana müxalifət partiyası olan CHP daxilində baş verən proseslər hakimiyyəti maraqlandırmır.
Sherg.az-ın məlumatına görə, Ərdoğan qeyd edib ki, CHP-nin qurultay zallarından məhkəmə dəhlizlərinə daşınan siyasi və hüquqi mübarizəsinin heç bir tərəfində olmayıblar və olmayacaqlar:
“Ana müxalifət partiyası daxilindəki mübahisələrin heç biri bizi maraqlandırmır. Bu siyasi və hüquqi mübarizənin heç bir yerində yoxuq, olmamışıq və olmayacağıq”.
Prezident vurğulayıb ki, Türkiyə hazırda öz gündəmini müəyyən edən, regional və qlobal böhranların həllində mühüm rol oynayan güclü dövlətdir. Onun sözlərinə görə, hökumətin əsas məqsədi ölkənin təhlükəsizliyini, vətəndaşların rifahını və dövlətin maraqlarını qorumaqdır.
Ərdoğan həmçinin “Terrorsuz Türkiyə” prosesinə toxunaraq bildirib ki, bu məsələ siyasi polemikalardan kənarda saxlanmalı, bütün siyasi qüvvələr ölkənin gələcəyi naminə ortaq mövqedə birləşməlidirlər.
Prezident əlavə edib ki, hakimiyyət ölkədə sabitliyin qorunmasına, cəmiyyətin qütbləşməsinin qarşısının alınmasına və milli birliyin möhkəmləndirilməsinə yönəlmiş siyasəti davam etdirəcək.