Ermənilər Azərbaycan bayrağına öyrəşdilər

Laçın yolunda buraxılış  məntəqəsi saat kimi işləyir Ermənilər Azərbaycan bayrağının əzəmətini qəbul edib, bizim torpaqda olduqlarına öyrəşdilər Qarşıda bizi yeni proses, bir neçə mərhələdən ibarət sülh danışıqları gözləyir
Laçın-Xankəndi yolunun girişində quraşdırılmış nəzarət-buraxılış məntəqəsi ay yarımdır ki, fəaliyyət göstərir. Ay yarım öncə, yəni sərhəd-keçid məntəqəsi qurulduğu zaman günlərlə həm Ermənistan və Rusiyada, həm də İrəvanın Qərbdəki havadarları arasında müzakirə mövzusu olmuşdu. Lakin rəsmi Bakı qətiyyətli mövqeyini sürdürərək Laçın yolundakı buraxılış məntəqəsinin zəruriliyini vurğulamış və sözügedən ərazinin Azərbaycan torpaqları olduğunu bəyan etmişdi. Ötən müddət ərzində Laçın yolundakı postumuz ara-sıra gündəmə gətirilsə də, vaxt keçdikcə proses adiləşdi. Hətta Ermənistandan Xankəndiyə gedən ermənilərin özü üçün də vəziyyət normallaşdı.
 Xankəndiyə getmək istəyən ermənilər növbəli şəkildə hüquqi yoxlanış prosedurundan keçərək, heç bir maneə olmadan yollarına davam edirlər. Təbii ki, Laçın yolundan qanunsuz gediş-gəlişə, silah-sursat daşınmasına icazə verilmir. Ötən gün Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb. Mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması erməniləri də heyrətə gətirib. Aydın olub ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Qeyd edək ki, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. 
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Laçın-Xankəndi yolunda quraşdırılmış nəzarət-buraxılış məntəqəsi iki aya yaxındır problemsiz öz işinə davam edir. Analitik qeyd edib ki, ilk vaxtlarda sərhəd-keçid məntəqəsi ilə bağlı narazılıq görünsə də, bunlar Azərbaycanı narahat edəcək səviyyədə deyildi:
 "Beynəlxalq hüquqa hörmət edən hər bir dövlət başa düşür ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir. Azərbaycan dövləti ərazisinin istənilən bölgəsində təhlükəsizliyini təmin etmək iqtidarındadır və bu haqqa sahibdir. Rəsmi Bakı da öz hüququndan istifadə edib. O baxımdan hesab edirəm ki, ara-sıra eşidilən hay-küy istisna olmaqla Laçın yolunda qurulan nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı hansısa ciddi hadisənin baş verməsi real görünmür. Bu məsələdən narahat olmağa dəyməz. Nəzarət-buraxılış məntəqəsi öz fəaliyyətni tam gücü ilə həyata keçirir. Ermənilər də buraxılış məntəqəsində beynəlxalq hüquqlara uyğun, normal qaydada yoxlanılırlar. Bunu Ermənistan, Rusiya, o cümlədən Qərb ölkələri də qəbul ediblər. Məsələ artıq qapadılıb. Qarşıda bizi yeni proses, bir neçə mərhələdən ibarət sülh danışıqları gözləyir".