- Azərbaycan tərəfinin məsələyə kifayət qədər sakit və təmkinli yanaşması göstərir ki, paralel olaraq müəyyən proses gedir
Azərbaycan naməlum şəraitdə Ermənistan ərazisinə keçən əsgərinin itkin düşdüyünü müəyyən etdikdən sonra bu barədə dərhal Ermənistan tərəfinə məlumat verib. Bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib. O, Azərbaycanın hərbçinin itkin düşməsi barədə Ermənistanı vaxtında məlumatlandırmasını müsbət hal kimi qiymətləndirib:
“Azərbaycan tərəfinin əsgərinin itkin düşdüyünü bilən kimi Ermənistan tərəfinə məlumat verməsi yaxşıdırmı? Bu yaxşıdır. Əgər sülh olmasaydı, bu baş verməzdi”.
Qeyd edək ki, Nəsimi Musayevin Ermənistan ərazisində saxlanılması barədə məlumat oktyabrın 1-də yayılıb. Oktyabrın 2-də isə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Azərbaycan tərəfinin məlumatına görə, N.Musayev sentyabrın 26-da xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib. Onun Ermənistan ərazisində saxlanılmasının ardından hadisə ilə bağlı araşdırma davam edir.
Tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında Azərbaycan əsgəri ilə bağlı baş verən insidentin xoşagəlməz hal olduğunu bildirib. Onun sözlərinə görə, hadisənin bütün detalları hələlik tam məlum deyil. Əsgərin hansı şəraitdə hərbi hissəni tərk etdiyi və Ermənistan ərazisinə necə keçdiyi barədə ictimaiyyətə ətraflı məlumat verilməyib:
“Azərbaycan tərəfi də paralel olaraq hadisə ilə bağlı araşdırma aparır. Lakin məlum səbəblərdən bu araşdırmanın nəticələri və digər detallar hələlik ictimaiyyətə açıqlanmır. Bu, müəyyən mənada başadüşüləndir. Çünki hadisə ilə bağlı vaxtından əvvəl veriləcək hər hansı məlumat ümumi prosesə, xüsusilə də Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə mənfi təsir göstərə bilər. Amma Ermənistan parlamentinin spikerinin bu məsələ ilə bağlı açıqlaması müəyyən məqamları ortaya çıxarır. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, Ermənistan tərəfi insidenti Azərbaycan-Ermənistan arasında aparılan sülh prosesi baxımından bir növ test kimi də qiymətləndirib və Azərbaycan tərəfini dərhal məlumatlandırıb. Hətta ictimaiyyətə açıqlanmayan bəzi məlumatların da Azərbaycan hakimiyyət strukturlarına təqdim edilməsi istisna deyil. Hazırda bildiyim məlumata görə, həmin Azərbaycan əsgəri ilə bağlı Ermənistanda bir neçə, ümumilikdə beş maddə üzrə cinayət işi açılıb. Bunların arasında sərhədi qanunsuz keçmə, Ermənistan ərazisinə silah gətirmə və Ermənistan vətəndaşının həyatına təhlükə yarada biləcək hərəkətlər kimi ittihamlar var. Hazırda istintaq davam edir. Amma mənim üçün burada qaranlıq qalan əsas məqamlardan biri Azərbaycan əsgərinin özünün hazırkı vəziyyətidir. Onun səhhəti, yaralanıb-yaralanmaması və ümumiyyətlə, hazırda hansı şəraitdə saxlanıldığı barədə hər hansı dəqiq məlumat yoxdur. Mən şəxsən onun hər hansı görüntüsünə də rast gəlməmişəm. Yəqin ki, yaxın zamanlarda bu məsələlər də aydınlaşacaq. Onun vəziyyəti necədir? Yaralanıbmı? Hadisə zamanı silahdan hansı şəraitdə istifadə edib? Bütün bu sualların cavabları istintaqın gedişində ortaya çıxa bilər”.
A. Quliyevin sözlərinə görə, Azərbaycan tərəfinin məsələyə kifayət qədər sakit və təmkinli yanaşması göstərir ki, paralel olaraq müəyyən proses gedir və tərəflər arasında kommunikasiya mövcuddur:
“Bütün bunları nəzərə alsaq, hazırkı mərhələdə bu insidentin sülh prosesinə ciddi maneə yaradacağını düşünmürəm. Əksinə, əgər tərəflər hadisəni təmkinlə, qarşılıqlı informasiya mübadiləsi və hüquqi prosedurlar çərçivəsində idarə edə bilsələr, bu, müəyyən mənada sülh prosesinin özü üçün də müsbət göstərici ola bilər”.