Ermənistanın yeni Konstitusiya layihəsinin gələn həftə ictimaiyyətə təqdim olunacağı bildirilir. Sherg.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Layihə açıqlanandan sonra onunla bağlı müzakirə və dinləmələrin keçirilməsi, daha sonra isə parlamentə təqdim edilməsi planlaşdırılır.
Məlumata görə, layihədə andlılar institutunun tətbiqi də nəzərdə tutulur. Bu məsələ hakim “Mülki müqavilə” partiyası daxilində fikir ayrılığına səbəb olub. Partiyanın bəzi üzvləri Ermənistan şəraitində andlıların tam müstəqil və qərəzsiz qərar qəbul etməsinin problem yarada biləcəyini bildiriblər.
Baş nazir Nikol Paşinyan isə andlılar institutunun faktiki olaraq artıq mövcud olduğunu və bunun yalnız institusional şəkildə rəsmiləşdirilməsinin lazım gəldiyini deyib.
Yeni Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın da çıxarılacağı bildirilir.