Əsirlikdə olan hərbçilərimizlə bağlı məlumat verilmir
Ola bilsin, əsgərlərimizə o qədər işgəncə veriblər ki, ifşa olmamaq üçün onları üzə çıxartmırlar
Aprel ayında dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçən və əsir götürülən əsgərlərimizin valideynləri övladlarından xəbər ala bilmədiklərini deyiblər. Erməni əsirliyində saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova bildirib ki, Komitə onlara övladları ilə bağlı yeni məlumat vermir. Digər əsirimiz Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini vurğulayıb. Beynəlxalq Qızıl Xaç Komitəsindən isə bildirilib ki, Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir. Qeyd edək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən, yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir. Halbuki Azərbaycanda həbsdə olan erməni diversantlar BQXK nümayəndələri ilə mütəmadi görüşür və ailələrinə məlumatlar ötürülür. Qurumun Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da bildirib ki, erməni hərbçilərlə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Xatırladaq ki, may ayının 26-da Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin 2 diversantı saxlanılıb.
Azad Vətən Pariyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, ermənilər xalqımıza, türk millətinə qarşı hər zaman xüsusi qəddarlıqları, aşırı nifrət və düşmənçilik hissləri ilə seçiliblər. Partiya rəhbərinin sözlərinə görə, ermənilər əllərinə fürsət düşən kimi dərhal öz çirkin əməllərini, xislətlərinə uyğun davranışlarını sərgiləyiblər: "İki Azərbaycan əsgəri hava şəraitindən dolayı yollarını azaraq Ermənistan tərəfə keçiblər. Dəfələrlə rəsmi İrəvana çağırış edilib ki, həmin əsgərləri Azərbaycana təhvil versin.
Hətta dövlət başçısı səviyyəsində bu məsələ gündəmə gətirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdə də bu məsələ qaldırılmışdı. Mişel də bəyan etdi ki, yolu azaraq təsadüfən qarşı dövlətin sərhədini keçmiş əsgər dərhal geri verilməlidir. Ancaq ermənilər hər zaman olduğu kimi vəhşi xislətlərindən irəli gələrək yenə də heç kimə qulaq vermirlər. Türkofobiya ermənilərin qanına işləyib, bu xəstəlikdən qurtula bilmirlər. Əsirlikdə olan əsgərlərimizlə bağlı məlumat vermirlər, BQXK-nin onlarla görüşünə imkan yaratmırlar. Ola bilsin, əsgərlərimizə o qədər işgəncə veriblər ki, ifşa olmamaq üçün onları üzə çıxartmırlar. Əslində əsirlikdə olan əsgərlərimizin yaxınları ilə məktublaşmasına imkan yaratmamaq da bir növ işgəncədir. Ermənilər əsgərlərimizi aldadırlar ki, "Azərbaycan hökuməti sizi unudub, sizinlə maraqlanmır, qayıdan kimi sizi həbs edəcəklər və s".
A.Nağı vurğulayib ki, beynəlxalq təşkilatlar da bu məsələyə ikili standartlarla yanaşır. İki erməni diversant Azərbaycanda saxlanıldığı zaman bütün beynəlxalq qurumlar əl-ayağa düşdülər, daim əlaqəyə keçdilər. Amma azərbaycanlı əsgərlərlə bağlı bu canfəşanlığı görmürük, biganə yanaşırlar, başdansovdu hərəkət edirlər. Məsələnin digər tərəfi də bizim həddindən artıq humanist olmağımızla bağlıdır. Bəzən adekvat addımlar atmaq lazımdır. Məsəl var, deyirlər "asqıranın qarşısında öskürməsən, elə biləcəklər ağzın yoxdur". Bakıda həbsdə olan erməni diversantların saxlanma şəraiti çox yaxşıdır, qətiyyən işgəncəyə məruz qalmırlar, istəkləri qarşılanır, hətta oxumaları üçün erməni dilində kitablarla təmin olunurlar və s. Ancaq göründüyü kimi, bu cür yanaşma erməniləri qudurdur. Ermənilərə anladıqları dildə cavab verilməlidir, layiqli cəzalarını almalıdırlar. Çünki xoş məramdan anlamırlar".