Fikrət Sadıxov: “ABŞ quru əməliyyatına başlasa, ağır itkilər verəcək” - MÜSAHİBƏ

"Hörmüz boğazı böhranı dərinləşir, dünya neftinin taleyi risk altındadır”

Fevralın 28-də ABŞ və İsrailin, İrana hücumu ilə başlayan müharibə hələ də davam edir. Yaxın Şərq regionu raket və dron yağışları altında ciddi böhranla üz-üzədir. Öldürülən İran generalları və rəsmilərinin sayı isə gün keçdikcə artır. Artıq İsrail ordusu qırıcı təyyarələr vasitəsilə İran səmasında fəaliyyətə başlayıb. Rəsmi Tehran hərbi əməliyyatları davam etdirəcəklərini bəyan etsə də, ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlməyə çalışdığını bildirib. Müharibə meydanında tək qalan İran, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin vasitəçiliyi ilə İslam dünyasından kömək istəyib. Dünən kömək istəyən şəxsin, bu gün öldürüldüyünün açıqlanması, proseslərin ciddiliyindən xəbər verir. Münaqişə şiddətləndikcə, Hörmüz boğazındakı vəziyyət də mürəkkəb xarakter alır. D. Trampın xarici tərəfdaşlarla birlikdə, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması məqsədilə koalisiya yaradacaqlarını açıqlaması, müharibənin genişlənəcəyi ilə bağlı şübhələri artırır.

Müharibənin regiona və qonşu ölkələrə təsirləri, eləcə də tərəflərin mövcud hərbi potensialı ilə bağlı Qərbi Kaspi universitetinin professoru, politoloq Fikrət Sadıxov Sherg.az-la fikirlərini bölüşüb:

-Fikrət müəllim, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-İsrail-ABŞ müharibəsinə toxunaraq bildirib ki, Donald Tramp İranın tamamilə məğlub edildiyini iddia etsə də, elə həmin gün İsrail Müdafiə Qüvvələrinin rəsmisi qarşılarında hələ minlərlə hədəfin olduğunu açıqlayıb. Sizcə, mövcud vəziyyətdə müharibə nə qədər davam edə bilər?

- Müharibənin qırmızı xəttə çatıb-çatmayacağını proqnozlaşdırmaq çətindir. İranın raket arsenalında azalma müşahidə olunsa da, İsrail və ABŞ-yə qarşı müqavimət oxunun fəaliyyəti əvvəlki dövrlə müqayisədə müsbət dinamika ilə davam edir. Qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və hərbi balans baxımından çox böyük əhəmiyyət daşıyan Hörmüz boğazının bombalanması, qaz, neft tankerlərinin hərəkətini dayandırıb. Belə bir şəraitdə müharibənin konkret hansı tarixdə bitəcəyini demək çətindir. Əgər ABŞ, İrana qarşı hərbi təzyiqi artıraraq, daha sərt zərbələr endirməyə başlasa, münaqişə yeni və daha riskli mərhələyə keçəcək. 

-ABŞ orudusunun quru əməliyyatlarına başlayıb-başlamayacağı müzakirə mövzusuna çevrilib. ABŞ prezidenti Donald Trampın İrana qarşı quru əməliyyatlarına başlamaqda tərəddüd etməsinin əsas səbəbləri nədir?

- Quru əməliyyatlarına başlamaq çox problemli məsələdir. ABŞ-nin Əfqanıstanda quru qoşunları ilə apardığı əməliyyatlar, gözlənilən nəticəni vermədi. Əfqanıstanın dağlıq ərazidən ibarət olması, Talibanın gizlənməsini asanlaşdırırdı. Yerli əhali arasında gizlənən talibançılar, qəfil hücumlar edib, geri çəkilirdilər. Tarixi təcrübə göstərir ki, Əfqanıstanda nə ABŞ, nə də ondan əvvəl SSRİ və Böyük Britaniya kimi böyük güclər uzunmüddətli hərbi-siyasi uğur qazana bilməyiblər. Əgər ABŞ ordusu İrana qarşı quru əməliyyatlarına başlasa çoxlu hərbi texnika və əsgər itirəcək. Bu da Ağ Evin maraqlarına cavab vermir. Çünki ABŞ-də Konqresin aralıq seçkiləri bu il 3 noyabr tarixində keçiriləcək. Tramp administrasiyasına, müxalif düşərgədə dayanan konqresmenlər, yaranmış fürsəti onun əleyhinə istifadə edə bilərlər. ABŞ-nin İrana qarşı quru əməliyyatları yalnız hava məkanında dron və raket zərbələrinin dayandırılması və quru əməliyyatı üçün əlverişli şəraitin yaranması halında həyata keçirilə bilər. Hal-hazırda yerüstü əməliyyatlara başlamaq tamamilə mənasızdır.

- ABŞ-nin kürd silahlı qruplarını, İrana qarşı əməliyyatlara cəlb edəcəyinə dair iddialar var. Ağ Evin sözçüsü Karolin Leavit, bunu təkzib etsə də sonradan, Tramp verdiyi açıqlamada, kürdlərin İrana qarşı hücum başlatmasını dəstəklədiyini bildirib. Məsələyə dair siz nə düşünürsünüz?

- Donald Trampın Kürdüstan Demokrat Partiyasının lideri Mustafa Hicri də daxil olmaqla yüksək səviyyəli kürd liderləri ilə dəfərlə əlaqə saxlayıb. 2003-cü ildə ABŞ ordusu, İraqa qarşı quru əməliyyarlarına başlayarkən, bölgədə fəaliyyət göstərən Peşmərgə Kürd silahlı qüvvələrinin əli ilə Səddam Hüseyni edam elədi. Səddamın kürdlərə qarşı amansız siyasəti ABŞ ilə əməkdaşlığa getmək üçün onlara əsas yaratmışdı. Partiyanın sözçüsü Halid Azizi isə hazırda kürd qruplarının davam edən münaqişənin birbaşa iştirakçısı olmadığını vurğulayıb. Kürdlər başa düşürlər ki, İrana qarşı hücum planlarında alətə çevrilmək onların maraqlarına uyğun olmayacaq. Hazırda ABŞ-nin kürd silahlı qruplarını quru əməliyyatlarına cəlb etməsi üçün əlverişli şərait yaranmayıb. 

- İran istiqamətindən Türkiyə və Azərbaycana ard-arda dron və raket hücumları həyata keçirildi. İran prezidenti Məsud Pezeşkian hadisənin arxasında, xarici qüvvələrin olduğunu bildirdi. Hadisə ilə əlaqədar hələ də yekun nəticə açıqlanmayıb. Sizcə, həqiqətən də bu hücumlar xarici qüvvələrin işidir?

- İran diplomatiyası bir çox hallarda reallığı təhrif edir. Onlar helə bilirlər ki, biz XVII-XVIII əsrlərdə yaşayırıq. Hərbi peyklər və yüksək dəqiqlikli kommersiya peykləri termal və optik sensorlarla raket buraxılışlarını və trayektoriyasını izləyə bilir. Vurulmuş dronun qalıqları də onların İrana məxsus olduğunu açıq-aşkar sübut edə bilər. Rəsmi Tehranın reallığı inkar etməsi, həmin hadisələrin onlar tərəfindən törədildiyinə inandığımız anlamına gəlməməlidir. Əgər İran, Türkiyə və Naxçıvanı qəsdən hədəfə alaraq bizi münaqişəyə cəlb etmək niyyətindədirsə, təxribatlara uymamalıyıq. Bəlkə də, Cənubi Qafqazda Tramp marşrutu dəhlizinin mövcudluğu onlarda aqressiyaya səbəb olub. Bütün bunlara baxmayaraq, Azərbaycan dəhlizin açılması üçün ABŞ və Ermənistanla intensiv olaraq, diplomatik təmasdadır. İranın Naxçıvana üç istiqamətdən dron zərbələri endirməsi birbaşa onların imicinə zərbə vurdu. Pezeşkian hadisənin arxasında İsrail və ABŞ-nin dayandığını bildirərək məsuliyyəti üzərlərindən atmağa çalışsa da, reallıqdan qaça bilməzlər. Azərbaycan rəsmi Tehranın əməllərinə qarşı prinsipal mövqeyini ortaya qoydu. Lazım gələrsə, adekvat cavab verməyə hazırıq. 

- Ötən gün, ABŞ Prezidenti bir sıra ölkələrin, Hörmüz boğazında təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmək istədiklərini bildirib. Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi münaqişənin coğrafiyasını genişləndirə bilərmi?

- Dünya üzrə dəniz yolu ilə daşınan xam neftin təxminən 20%-i Hörmüz boğazı vasitəsilə keçir. Bir çox ölkələr tankerlərin problemsiz hərəkətinin tərəfdarıdır. Çünki onların əsas gəlir mənbəyi neft ixracatıdır. Tramp bu məsələdə tamamilə haqlıdır. ABŞ-nin enerji tələbatı, Hörmüz boğazından asılılığı yüksək olan digər ölkələrə nisbətən azdır. Xüsusilə Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa dövlətləri üçün Hörmüz boğazı əsas gəlir mənbəyidir. Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya, xam neft və LNG-nin bir hissəsini Hörmüz boğazından tədarük edir. Hörmüzdəki fəaliyyət tam dayandırılarsa, bu ölkələr koalisiya şəklində boğaza hərbi gəmilər göndərmək məcburiyyətində qalacaqlar.

- ABŞ-nin Yaxın Şərqə cavabdeh olan Mərkəzi Komandanlığı, regiouna əlavə qüvvələr göndərməyi təklif edib. Müdafiə naziri Pit Heqset isə təklifi təsdiqləyib. Bu addım İranla mümkün qarşıdurmanın miqyasına necə təsir göstərər?

- Bəli, ABŞ ordusu Hörmüzdə təhlükəli vəziyyəti aradan qaldırmaq üçün əməliyyata hazırdır. Hətta az öncə qeyd etdiyim kimi, ABŞ digər Avropa ölkələri ilə koalisiya şəklində birləşərək, vahid strateji xətt çərçivəsində addımlar ata bilər. Çünki vaxtında tədbir görülməsə, həmin ölkələrin yanacağa olan tələbatı münaqişənin şiddətinə uyğun olaraq daha da artacaq.