Rusiya Macarıstanın yeni hökumətinin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı konkret addımlarına əsaslanacaq.
Sherg.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu fikirləri müxalif “Tizsa” partiyasının lideri Peter Madyarın praqmatik münasibətlər qurmağa hazır olduqlarına dair açıqlamasını şərh edərkən səsləndirib.
Peskov deyib:
“Əlbəttə, cənab Madyar seçkilərdə qələbədən sonra çoxlu bəyanatlar verir, çoxsaylı mətbuat konfransları keçirir. Gəlin, Macarıstanda yeni hökumət formalaşana qədər gözləyək. Gəlin, ilk konkret addımları gözləyək”.
Onun sözlərinə görə, Kreml Macarıstan tərəfinin praqmatik dialoqa hazır olmasını “məmnuniyyətlə” qeyd edir. Bu hazırlığın qarşılıqlı olduğunu vurğulayan Peskov əlavə edib:
“Bundan sonra yeni Macarıstan hökumətinin konkret addımlarına uyğun şəkildə hərəkət edəcəyik”.