Xalq yerli kanallardan üz döndərir, İranlılar xəbəri xaricdən alır
Dünyada media sistemləri sürətlə dəyişir. Bu mənada dövlətə məxsus yayım qurumlarının rolu daha çox müzakirə olunur. Xüsusilə milli teleradioların idarəetmə forması və siyasi hakimiyyətlə münasibətləri müxtəlif ölkələrdə fərqli modellərlə tənzimlənir.
İranda bu məsələ yenidən diqqət mərkəzinə gəlib. Tehranda keçirilən tədbir zamanı Prezident Məsud Pezeşkianın çıxışını IRIB dövlət televiziyası canlı yayımlayarkən gərgin anlar yaşanıb. Müxbirin “canlı yayımdayıq, vaxtı düzgün idarə etsəniz, yaxşı olar” məzmunlu xəbərdarlığı zaldakı ab-havanı daha da gərginləşdirib. Bu müdaxiləyə sərt reaksiya verən Pezeşkian çıxışını yarımçıq saxlayaraq “yayımlamayın, vacib deyil, biz işimizi görərik” deyib. Bundan sonra İran dövlət televiziyası açılış mərasiminin canlı yayımını dayandırıb və efir qaraldılıb.
Hadisə İran teleradio sisteminin strukturu və onun siyasi institutlarla münasibətləri barədə müzakirələri yenidən aktuallaşdırıb.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a İranda dövlət və media arasındakı münasibətlərdən danışıb:
"Dünyada bu gün 200-dən çox ölkə var. Bu ölkələrin hər birində media sistemi müxtəlifdir. Amma, demək olar ki, yeganə sistem var ki, orada teleradio təşkilatı birbaşa ölkənin birinci şəxsinə-ali rəhbərə tabedir. Bu sistem İrandadır.
İranda teleradio təşkilatının sədrini birbaşa ali rəhbər təyin edir. Bu təşkilat faktiki olaraq onun strukturunun bir hissəsidir. Bu cür model inkişaf etmiş dünyada demək olar ki, yoxdur. Bu gün rəqəmsal dövrdə minlərlə televiziya, radio, internet kanalı, virtual platformalar mövcuddur. Onların böyük əksəriyyəti özəldir. Bir çox ölkələrdə dövlət televiziyaları da var, dövlət öz mövqeyini, maraqlarını oradan ifadə edir. Amma dövlət televiziyası olan ölkələr də bir-birindən fərqlənir. Demokratik ölkənin dövlət televiziyası ilə qeyri-demokratik ölkənin dövlət televiziyası eyni deyil.
Mən müqayisə aparmaq istəyirdim. Məsələn, Türkiyədə TRT dövlət kanalıdır. Onun rəhbərini birbaşa prezident, yoxsa müvafiq nazirlik, yaxud şuranın təyin etdiyini dəqiq bilmirəm. Amma İranda vəziyyət bambaşqadır. Teleradio rəhbərini yalnız ali rəhbər təyin edir. Bu, faktiki olaraq yalnız İranda mövcud olan bir modeldir".
Ekspert belə bir şəraitdə teleradio təşkilatının rəhbərinin özünü prezidentdən də üstün mövqedə gördüyünü deyib:
"Seçkinin nəticəsini sonda ali rəhbər təsdiq etsə də prezident xalqın səsi ilə seçilir. Buna baxmayaraq, İran teleradiosu çox böyük bir təşkilatdır. Ən azı on minlərlə işçisi var. Hər il dövlət büdcəsindən böyük vəsait alır, üstəlik reklam gəlirləri də əldə edir.
Bəzən hakimiyyətə gələn prezidentlər teleradionun ideoloji xəttinə uyğun olur. Bu zaman onlar prezidentə dəstək verirlər. Məsələn, sağçı və ya mühafizəkar bir prezidentdirsə, onun xeyrinə yayımlar aparırlar. Amma prezident islahatçı olarsa və ya onların xəttinə uyğun gəlməzsə, vəziyyət dəyişir.
Məsələn, Səid Cəlili prezidentliyə namizəd olanda teleradio strukturlarında onun adamları çalışırdı. Onun qardaşı İran teleradiosunda yüksək vəzifələrdən birində idi. Digər halda siz görürsünüz ki, prezidentin fəaliyyəti bilərəkdən zəif işıqlandırılır, tənqidlər artırılır. Yəni dövlətin öz teleradiosu, faktiki olaraq, dövlətin prezidentini tənqid edir.
Formal olaraq teleradio üzərində nəzarət şurası var. Orada parlamentdən, hökumətdən nümayəndələr olur. Amma bu mexanizm real işlək deyil. Əslində, kimin danışacağına, nə yayımlanacağına teleradionun özü qərar verir. Onlar özlərinə uyğun adamları efirə çıxarırlar və öz xəttlərini aparırlar".
Politoloq vurğulayıb ki, İran teleradiosu nə sərbəst, nə də demokratik mediadır:
"Orada bütün fikirlər yayımlanmır və yayımlananlar da obyektiv deyil. Üstəlik, bu qurum özü tənqid qəbul etmir. Halbuki demokratik sistemdə milli teleradio xalqla hakimiyyət arasında vasitəçi olmalıdır.
Milli adını daşıyan media millətə aid bütün mövzuları müzakirə etməli, xalqın səsini hakimiyyətə, hakimiyyətin fəaliyyətini xalqa çatdırmalıdır.
Amma İranda bu sistem işləmir. Teleradio yalnız öz maraqları və istiqamətləri üzrə hərəkət edir. Bunun nəticəsi də göz qabağındadır. Tamaşaçı sayı ciddi şəkildə azalıb. Statistikalar göstərir ki, insanların böyük hissəsi artıq İran teleradiosuna baxmır. Xüsusilə xəbərlər üçün insanlar xarici kanallara üz tuturlar-BBC Persian, Iran International, Amerika Səsi və sair. Baxmayaraq ki, bu kanallara da tam etibar yoxdur, amma insanlar alternativ axtarır.
Əgər bir referendum keçirilsəydi və soruşulsaydı ki, xalqın neçə faizi İran teleradiosunun fəaliyyətindən razıdır, bu rəqəm yəqin ki, 30 faizi belə keçməzdi. Amma buna baxmayaraq, sistem özünü yeniləmək istəmir. 21-ci əsrdə qalması gərəkən media anlayışı, təəssüf ki, bəzən 19-cu əsrin, hətta orta əsr düşüncəsi ilə idarə olunur. Elə hallar olur ki, efirə çıxarılan fikirlər insanı Avropanın orta əsr cahillik dövrünü xatırladır".
Analitik bu vəziyyətin 21-ci əsrin ikinci-üçüncü onilliyində olduqca təəssüfedici olduğunu bildirib:
"Dünya süni intellektdən, yeni texnologiyalardan danışdığı bir vaxtda, bizdə media hələ də köhnə şablonlarla işləyir. Halbuki xalqın dəstəyini qazanmaq istəyirsənsə, millətin səsinə qulaq asmalısan. Amma onlar bunu etmir və öz bildikləri yolla davam edirlər.
Məhz buna görə mən prezidentin bu mövqeyini dəstəkləyirəm. Onun dediyi “biz işimizi görürük, istəmirsizsə mane olmayın” fikri əslində çox dərin məna daşıyır. Bu, İran xalqının böyük əksəriyyətinin mövqeyidir. Bəlkə 20-30 faiz başqa cür düşünür, amma vəziyyət gün kimi aydındır-əzharu minəş-şəmsdir(Günəşdən də aydındır)".